Ermənistanda vəziyyət gərginləşir - Küçə mübarizəsi başlayır
Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdəki məlum çıxışından sonra İrəvanın mərkəzində keçirilən oturaq aksiyalar davam edir.
Demedia.az xəbər verir ki, müxalifət sabah paytaxtda ənənəvi məşəl yürüşü keçirəcəyini, ertəsi gündən etibarən isə müxalifətin mərkəzləşdirilməmiş qüvvələr vasitəsilə aktiv aksiyalar mərhələsinə başlayacağını elan edib. Müxaliflər aksiyaların damlılığının kəsilməyəcəyini və mübarizəni getdikcə respublika səviyəsinə qaldıracaqlarını bildiriblər.
Etiraz aksiyasında daha fəal iştirak edən "Mənim namusum var” fraksiyasının lideri Artur Vanetsyan bildirib ki, dağılmış dövlət və təhlükəsizlik sistemini bərpa etmək üçün hərəkatın əsas məqsədini anlayan və qəbul edən çoxlu sayda heç bir siyasi qütbdə olmayan insanlar mübarizəyə qoşulur. Onun sözlərinə görə, müxalifətin "aydın fəaliyyət planı” mövcuddur və həmin planla hərəkət edəcəklər.
Yeri gəlmişkən, Paşinyanın siyasi opponentləri indiyədək adıçəkilən "yol xəritəsi”nin bəzi müddəalarını və ya onun qeyd etdiyi "aydın proqram”ın ölkə ictimaiyyətinə təqdim etməkdən çəkiniblər. Vanetsyan isə dünən qeyd etmişdi ki, "parlamentdə hakimiyyət dəyişikliyi küçələrdə keçiriləcək etirazçıların təzyiqi ilə həyata keçiriləcək”.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Artur Vanetsyan müxalifətin Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq istəyinin həmrəy olduğunu və bunun üçün yol xəritəsi hazırladıqlarınıda bildirib.
Bu gün isə Ermənistan parlamentinin sədr müavini İşxan Sağatelyan bəyanatla çıxış edərək bildirib ki, ölkə yeni ağır mərhələyə qədəm qoyub, belə davam edərsə, Ermənistana və Qarabağa çox böyük zərbə dəyəcək. Onun sözlərinə görə, xalq real dövlətçiliyi itirmək təhlükəsi ilə üz-üzədir.
Ermənistanda yaranmış acı reallıqlara toxunan Sağatelyan bundan sonra komandaları, bütün imkanları, minlərlə soydaşları və tərəfdarı ilə bu hakimiyyəti devirmək üçün küçə mübarizəsinə başlayacaqlarını bildirib.
Bu platformanı qəbul etməyənlər isə Artur Vanetsyanı Rusiyanın xüsusi hazırlanmış agenti adlandırır.