İtaliyadakı Etna dağı yenidən kül və lava püskürdü
İtaliyanın cənubundakı aktiv vulkanlardan biri olan Etna yenidən kül və lava püskürüb.
Demedia.az xəbər verir ki, İtaliyanın ANSA agentliyinin xəbərinə görə, Siciliya adasında yerləşən və hündürlüyü 3 min 30 metr civarında olan Etna dağı yenidən kül və lava püskürüb.
Kataniya hava limanını işlədən şirkətdən verilən açıqlamada partlayış nəticəsində atmosferə yayılan kül buludu səbəbiylə uçuşların müvəqqəti olaraq dayandırıldığı bildirilib. Açıqlamada bəzi sərnişinlərin yaxınlıqda yerləşən müxtəlif hava limanlarına istiqamətləndirildiyi bildirilib.
İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) açıqlamasında vulkanik fəaliyyətin intensiv olduğu və Etnanın yaydığı külün təxminən 8 kilometr yüksəkliyə çatdığı bildirilib.
Avropa qitəsinin ən yüksək aktiv vulkanı olan Etna dağında iyulun əvvəlindən bəri tez-tez vulkanik aktivlik müşahidə olunur.