Qırğızıstanda keçmiş Prezidentin azadlığı tələbi ilə mitinq keçirildi
Qırğızıstanın paytaxtı Bişkekdə Pervomay rayon məhkəməsinin binası qarşısında ölkənin keçmiş Prezidenti Almazbek Atambayevin azadlığa buraxılması tələbi ilə mitinq keçirilib.
Demedia.az xəbər verir ki, məlumatı “knews” yayıb.
Bildirilib ki, məhkəmədə 2020-ci ilin oktyabr hadisələri ilə bağlı cinayət işi üzrə dinləmələr davam edir. Bu cinayət işi üzrə Almazbek Atambayev, tərəfdaşları və bir sıra siyasətçilər iğtişaşların təşkilində ittiham olunur.
Qeyd edək ki, A.Atambayev 2011-2017-ci illərdə Qırğız Respublikasına rəhbərlik edib. O, 2019-cu ilin 8 avqustunda Koy-Taş Çuysk əyalətinin kəndindəki iqamətgahında saxlanılıb. Eks-prezidentə qarşı bir sıra ittihamlar irəli sürülüb və o, azadlıqdan məhrum olunub. A.Atambayev dəfələrlə bildirib ki, bu ittihamları siyasi təqib hesab edir.
Xatırladaq ki, Bişkekin Pervomay rayonunun Məhkəməsi cinayətkar aləmin tanınmış fiqurlarından olan Əziz Batukayevin qanunsuz olaraq azadlığa buraxılması işi üzrə ötən ilin iyununda A.Atambayevi 11 il müddətinə azadlıqdan məhrum etmişdi. Ə.Batukayev 2006-cı ildə 16 il azadlıqdan məhrum edilmişdi.