İsrail HƏMAS-ın növbəti yüksəkvəzifəli şəxsini qətlə yetirdi



 23:58 03.08.2024     643

İsrail ordusu HƏMAS-ın daha bir yüksəkvəzifəli şəxsini qətlə yetirib.

Bu barədə Demedia.az  "CNN Türk"ə istinadən bildirir.

Məlumata görə, HƏMAS-ın Nablus lideri işğal altındakı İordan çayının qərb sahilindəki hücumda öldürülüb.

İsrail qüvvələrinin İordan çayının qərb sahilində Tulkərimə hava hücumu zamanı hərəkətdə olan avtomobil hədəf alınıb və nəticədə avtomobildəki 5 nəfər həyatını itirib.

İsrail Müdafiə Qüvvələrinin "Telegram" kanalında bildirildiyinə görə, avtomobildə olan 5 nəfər terror aktı törətmək üçün yola çıxıblarmış.

Ölənlər arasında HƏMAS-ın Nablus bölgəsinin lideri Haitham Balidi də olub. HƏMAS Balidinin ölümünü təsdiqləyib.

Tulkərimdəki qruplar hücumdan sonra ümumi tətil və matəm elan ediblər.

Məlumata görə, İsrail Hərbi Hava Qüvvələri həmçinin Livanın cənubundakı Bazuriya bölgəsində "Hizbullah"ın Cənub cəbhəsinin terrorçusu Əli Nazih Abed Əlini zərərsizləşdirib.

"Abed Əli Cənub cəbhəsinin terror fəaliyyətlərində iştirak edib, müxtəlif terror fəaliyyətlərini planlaşdırıb və həyata keçirib. Onun məhv edilməsi Cənub cəbhəsinin və "Hizbullah" terror təşkilatının bölgədəki imkanlarına ciddi zərbədir", - deyə İsrail Müdafiə Qüvvələrinin "Telegram" kanalındakı paylaşımda bildirilib.