Yeni ssenari hazırdır: Rus ordusu bu ölkəyə girir
Rusiya ərazisində son günlər baş verən partlayışlar Dnestryanıya da “sıçrayıb”.
Bir müddət əvvəl Ukrayna ilə düz sərhəddə yerləşən Belqoroddakı neft emalı zavodu vurulmuşdu. Ukrayna təkzib etsə də, Rusiya Belqorod neft emalı zavoduna Ukraynaya məxsus iki helikopterin hücum etdiyini bildirdi.
Bu, 60 gündür davam edən Ukrayna-Rusiya müharibəsində Rusiya ərazisinə edilən yeganə hücum kimi yadda qaldı.
Ancaq 2 gündür ki, artıq Rusiyanın “dərinliklərində” partlayışlar, yanğınlar başlayıb: Bryanskda neft zavodlarının vurulması, Tverdəki Rusiya Hava-Kosmik Müdafiə Qoşunlarının Elmi-Tədqiqat İnstitutunda yanğın – nəzərə alın ki, burda “İsgəndər” raketi hazırlanır, - ardınca Rusiyadakı meşə yanğınları haqda məlumatlar... Meşə yanğınları ona görə diqqət çəkir ki, yanğınların söndürülməsi üçün Donbasdakı helikopterlərin bir hissəsinin geri çağırıldığı haqda iddialar var. Sanki bu yanğınların da qəsdən törədildiyi, məqsədin müharibəni Rusiyanın daxilinə köçürmək olduğu təsəvvürləri formalaşdırılır.
Qərb mütəxəssisləri də ABŞ və NATO müttəfiqlərinin uzaqmənzilli raketlərin Ukraynaya çatdırılması ilə Bryanskdakı neft zavodlarının partlaması arasında əlaqə qurmağa meyillidirlər. Baxmayaraq ki, hələlik Rusiya bu barədə susur.
Rusiyadakı yanğın və partlayışlarla paralel olaraq ötən gündən Dnestryanıda baş verən insidentlər isə istər-istəməz prosesə şübhə ilə yanaşmaq üçün əsaslar verir. Ötən gün Dnetryanının qondarma “təhlükəsizlik xidməti” binasının yaxınlığında partlayış, daha sonra məhz rus radiodalğalarını yayan (!!! – red.) iki antenanın məhv edilməsi, ardınca isə hərbi hissədə partlayış ciddi ehtimallara yol açır:
1. Rusiya öz ərazisinə hücum olacağı təqdirdə Ukraynaya müharibə elan edəcəyini (Kreml sözçüsü Dmitri Peskov) açıqlamışdı. Yəni hazırda Ukraynada “xüsusi hərbi əməliyyat” gedir, müharibə də ola bilər;
2. Rusiyanın əsas hədəfinin Ukraynanın cənubunu tam nəzarətinə aldıqdan sonra Dnestryanıya çıxış olması barədə xeyli müddətdir iddialar səsləndirilir;
3. Putin Ukraynada aparılan xüsusi əməliyyata görə hər hansı səfərbərlik elan edilməyəcəyini və orda yalnız peşəkarların savaşacağını bildirmişdi.
Beləliklə, Rusiya öz ərazisinə hücum faktını əsas götürərək, Ukraynaya müharibə elan edir və yaxud Ukraynaya qarşı “xüsusi əməliyyat”ın genişləndiyini elan edərək, əvvəlki vədindən imtina edir, səfərbərliyə və yaxud ehtiyatda olan peşəkarların orduya çağırılmasına başlayır, hücumu gücləndirir; paralel olaraq Dnestryanıda rus xalqına qarşı terror hücumlarından “dəhşətli dərəcədə” narahat olur, Rusiyadan hərbi yardım istəyir və rus əhalini qorumaq məcburiyyətində olduğunu üçün Rusiya Ukraynanın cənubuna sahibləndikdən sonra “çarəsiz qaldığından”, Dnestryanıya ordu yeridir!
Əgər bu ehtimal reallığa yaxınsa, onda Rusiyanın Ukraynanın əldə etdiyi uzaqmənzilli raketlər sayəsində uğur qazanmaq ehtimalı sıfra düşəcəyi təqdirdə taktiki nüvə zərbəsini də nəzərdən keçirəcəyi istisna edilməməlidir.
Rusiya XİN rəhbəri Sergey Lavrov ötən gün “nüvə tətbiqi riskinin” böyük olduğu haqda xəbərdarlığı buna işarə deyildi ki?