Rusiya Azərbaycana qida təhlükəsizliyi ilə bağlı yanaşmalarını təqdim edib



 10:01 15.10.2024     412

Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) və Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi qida məhsullarının təhlükəsizliyini, keyfiyyətini müzakirə edib, qida təhlükəsizliyinin təmin edilməsinə Rusiyanın elmi, praktiki yanaşmaları təqdim olunub.

Demedia.az-ın xəbərinə görə, bu barədə Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin Mətbuat xidməti məlumat yayıb.

"Dəyirmi masa zamanı İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidməti qida məhsullarının təhlükəsizliyini təmin etmək üçün Rusiyanın elmi və praktik yanaşmalarını təqdim etdi. Əsas mövzular: çirkləndirici maddələrin və pestisidlərin qalıqlarına nəzarət, antimikrobiyal müqavimətin yayılmasının qarşısını almaq və laboratoriya tədqiqatları aparmaqdır", - məlumatda deyilir.

İki ölkə arasında keçirilən dəyirmi masa bu ilin avqustunda Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri zamanı qurumlar tərəfindən bağlanmış qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Sazişin həyata keçirilməsində ilk addım olub.

Qeyd edilib ki, görüşdə içməli və qablaşdırılmış suyun təhlükəsizliyinin müəyyən edilməsi və tənzimlənməsi yolu ilə markalanmalı olan malların dövriyyəsinə nəzarət məsələləri də işıqlandırılıb.