Rusiya Ukraynada uduzub: İndi qisas almağa hazırlaşır



 13:25 27.04.2022     1204

Rusiya Federasiyasının Ukraynaya qarşı hazırkı təcavüzündə strateji məğlubiyyət Rusiyada revanşist əhval-ruhiyyəni gücləndirəcək. Bu isə 5-10 ildən sonra yeni müharibəyə səbəb ola bilər.

Demedia.az xəbər verir ki, bu barədə Litva Silahlı Qüvvələrinin komandanı Valdemaras Rupşis “Avropa həqiqəti” nəşrinə danışıb.

"Hesab edirəm ki, Rusiya dəyişməsə, bu həm bizim üçün, həm də NATO üçün təhlükə olaraq qalacaq. Eyni zamanda bu təhlükə daha da böyüyə bilər. Bu səbəbdən də Alyans ölkələri ilk növbədə çəkindirmə istiqamətində hərəkət etməlidir. Rusiyanı bu gün etdiklərindən, Ukraynaya hücumdan çəkindirmək lazımdır”,- deyə o bildirib.

Rupşisin fikrincə, Qərbin tətbiq etdiyi sanksiyaların vurduğu zərərləri Rusiya Federasiyası 5-10 il ərzində bərpa edə bilər. Rusiyada olan revanşist əhval-ruhiyyənin güclənməsini yeni təhlükəyə səbəb kimi görən Rupşis qeyd edib ki, Rusiya qisasçılığı sovuşmayıb: “ Deməyəcəyəm ki, Rusiya artıq bütün döyüşləri uduzub. Ancaq Ukrayna hələ də ayaqda olduğu üçün demək olar ki, Rusiya artıq müharibəni uduzub. Kiyevdən geri çəkilmə onların ilkin niyyətlərinin uğursuzluğunu açıq şəkildə nümayiş etdirdi. Düşünürəm ki, onların Ukrayna ordusunu məğlub etmək üçün indi ümidləri azdır. İdmanda ikinci yer çox şərəflidir, amma müharibədə yalnız birinci yer lazımdır”,- Litva Silahlı Qüvvələrinin komandanı bildirib.

Onun sözlərinə görə, hazırda Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı işğalı qitədəki vəziyyəti əsaslı şəkildə dəyişib. Bu səbəbdən NATO artıq gələcək üçün ssenarilər üzərində düşünür. Bura Rusiya Federasiyasının Alyansın üzvlərindən birinə qarşı təcavüzü də daxildir.

Xatırladaq ki, bir müddət əvvəl Amerikalı diplomat Robert Pirson Putinin Ukraynaya qarşı müharibə ilə sakitləşməyəcəyini və digər ölkələri, o cümlədən NATO üzvləri olan ölkələri ələ keçirməyə cəhd edəcəyini demişdi. Pirson vurğulamışdı ki, Putinin potensial qurbanlar siyahısında təkcə Estoniya, Latviya və Litva deyil, Polşa, Slovakiya, Macarıstan, Bolqarıstan və Moldova da var. Bizimyol.info