“Putin rejiminin sonu başlayıb, böyük səhvə yol verdi" - ŞƏRH
Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı Rusiya prezidenti Vladimir Putin üçün fəlakət oldu və Rusiyanın başlatdığı müharibə “Putin rejimini” məhv edəcək.
Demedia.az xəbər verir ki, bunu 2011-2014-cü illərdə ABŞ-ın Rusiyadakı səfiri, Stenford Universitetinin Friman-Spoli Beynəlxalq Araşdırmalar İnstitutunun direktoru Maykl Makfol deyib.
“Mən əminəm ki, bu müharibə Putin hökuməti və Putinin özü üçün fəlakətdir. Bilmirəm bunun son nəticəsi nə olacaq, amma artıq biz Putinizmin sonunun başlanğıcını görürük. Çünki o, Ukraynaya qarşı bu işğalı başlamaqla böyük səhvə yol verdi. O, strateji hesablamalarda yanlışlığa yol verib”,- deyə Makfol bildirib.
O, Putinin 22 ildir hakimiyyətdə olduğunu və bu səhvinə görə məğlubiyyətə məhkum olduğunu vurğulayıb. “Dünyada belə köhnə rəhbərliyi və bu qədər gücə malik olan hər bir ölkə məhvə məhkumdur. Çünki onlar nə maliyyə nazirlərini, nə müşavirlərini, nə də baş nazirləri dinləyirlər”,- deyə keçmiş səfir qeyd edib.
Diplomatın sözlərinə görə, Putin heç kimə qulaq asmır və əmindir ki, o, hər şeyi düzgün edir və bu əsas problemlərdən biridir. Maykl Makfol onu da vurğulayıb ki, Putinin Rusiyada hökumətyönlü təbliğatçıların göstərməyə çalışdığı qədər dəstəyi yoxdur.
“İndi deyirlər ki, 80% Putini dəstəkləyir, bu rəy sorğularına inanmayın. Çünki "Qulaqlar ölkəsi"ndə onlara belə sorğularla müraciət edəndə heç kim sizə həqiqəti demir. Heç kim onlara avtoritar rəhbərin əleyhinə olduğunu deməyəcək”,- Maykl Makfol bildirib.
Keçmiş səfir Putindən sonra Rusiyada daha “açıq və şəffaf rejim” olacağına ümid etdiyini də bildirib.
Bundan əvvəl hərbi analitik, Ordu Araşdırmaları, Konversiya və Silahsızlanma Mərkəzinin direktoru Valentin Badrak qeyd etmişdi ki, Putin Ukrayna uğrunda müharibədə uduzub və bu səbəbdən o, fiziki məhvə məruz qalıb. Bizimyol.info