“Çeçenlər qaçır, deyirlər ki, bizim müharibə deyil” - Rusiya hərbçisi



 11:18 02.05.2022     3386

Çeçenistan rəhbəri Ramzan Kadırovun döyüşçüləri Ukraynada böyük vəhşilik nümunələri ortaya qoyub. Kiyev ətrafında qadınların zorlanmasında, dinc əhalinin amansızlıqla öldürülməsində həmin şəxslərin böyük rolu olub. Amma Ukrayna xüsusi xidmət orqanlarının ortaya qoyduğu səs yazılarında başqa bir maraqlı məqam diqqət çəkir. Kadırovun dəstəsinə aidiyyəti olmayan çeçenlər döyüşmək istəmir. Onlara dağıstanlılar da qoşulub.

Demedia.az xəbər verir ki, səs yazılarından birində Rusiya hərbçisi telefonda dostuna necə böyük itkilər vermələrindən danışıb. Onun sözlərinə görə, ordu rəhbərliyi necə davranacağını bilmir. Əsgərin yer aldığı bölüyün üzvlərinin böyük əksəri həyatını itirib.

“Bizdən də qırılır, onlardan da. Düzünə qalsa, Rusiya ordusu sıradan çıxıb. Təsəvvür elə, bizim əsgərlərin cəsədlərini gətirib birbaşa anqara tullayırlar. Heç baxmırlar ki, kim kimdir. Fərqinə də varmırlar. Üst-üstə beş-altı cərgə. Özbaşınalıqdır tamam. Başa düşmək olmur ki, nə üçün vuruşuruq. Hey deyirlər ki, irəli. Gah belə, gah da qışqırırlar, müdafiəyə çəkilin. Bölükdə 67 nəfər idik, 10 əsgər var indi. Birtəhər sağ qalmışam. Heç kim heç nəyi dəyişmək istəmir. Əsgərlərin yarısı qaçıb: dağıstanlılar, çeçenlər... Deyirlər ki, bizim müharibə deyil. Burada əsasən qazaxlar, kalmıklar və ruslardır”.

Rusiyalı hərbçinin dediyinə görə, komandanlıq başını itirib. Ordu rəhbərliyi həm də şimal xalqlarının nümayəndələrindən belə davranış gözləmirmiş.

“Deyirlər, inanmırdıq ki, onlar özünü bu cür aparar. İmtina ərizəsi yazıb müharibədən çəkilirlər. Dərhal qayıdırlar Rusiyaya”.

Rusiya ordusu Ukraynaya fevralın 24-də hücum edib. Bir çox şəhərlər dağıdılıb. Amma Kreml qoşunları böyük itkilər verib. Təkcə 23 minə qədər hərbçi həyatını itirib. Təxminən 1000 tank sıradan çıxıb. Rusiya ordusunun 431 artilleriya sistemi, 187 təyyarəsi, 155 vertolyotu, 8 gəmisi məhv edilib. Danışıqlar prosesi heç bir nəticə vermir. Müharibənin tezliklə başa çatacağı gözlənilmir.