“Rusiyanın gələcəyi yoxdur, bu ölkə dağılacaq”



 11:54 02.05.2022     1732

Bakıda doğulmuş şahmat üzrə 13-cü dünya çemponu Harri Kasparov Vladimir Putinin əleyhdarlarından sayılır. Qrossmeyster Rusiyanın dövlət başçısını diktator adlandırmaqdan çəkinmir. Kasparov son yazısında imperiya xəstəliyindən bəhs edib. Onun fikrincə, bu xəstəliyi sağaltmaq elə də asan deyil.

Demedia.az xəbər verir ki, şahmat üzrə dünya çempionu Rusiyanı hələ də Dövlət Təhlükəsizlik Komitəsinin idarə etdiyini yazıb. Kasparov 105 ildir burada kriminal rejimin hökm sürdüyünü bildirib.

Harri Kasparov Harri Kasparov

“Mənfi seçim hamımıza təsir edir. Vətəndaş müharibəsi illərində və ya düşərgələrdə ölkənin ən yaxşı adamları məhv edilərkən tapşırıq verənlər və icraçılar ön plana çıxanda nə gözləmək olar? Bu gün biz bu mənfi seçimin nəticələrini bir çox cəhətdən görürük və ən kobud tarixi səhvimiz ondan ibarət idi ki, cinayət keçmişinin üstündən xətt çəkib, buna lazmı qiymət verə bilmədik. İndiyədək Qırmızı Meydanda məzarlıq var. Cinayətkar dövlətin banisinin mumiyası hələ də ölkəmizin mərkəzindədir. Bu hələ də kriminal keçmişin girovu olduğumuzu göstərən simvoldur”.

Harri Kasparov Rusiyanın gələcəyinə inanmır. Dünya çempionu “Rusiyanın gələcəyi yoxdur, bu ölkə dağılacaq” ifadəsini əminliklə dilə gətirir. Kasparovun fikrincə, Rusiyanın gələcəyi yalnız imperiya düşüncəsindən imtina halında mümkün ola bilər.

“Bu virus amansızcasına məhv edilməlidir. Gələcək Rusiya tamamilə fərqli prinsiplərə, çox güman ki, konfederal prinsiplərə uyğun qurulmalıdır. Artıq imperiya binası olmamalıdır. Təbii ki, bütün ərazilər azad edilməlidir, təkcə Ukrayna yox, Dnestryanı və Gürcüstan əraziləri də”.

Harri Kasparov sonda hər şeyin Putindən yaxa qurtarmaqdan asılı olduğunu yazıb. Qrossmeyster düşünür ki, Rusiyanın indiki dövlət başçısı ilə ölkənin gələcəyi ola bilməz. Kasparov Ukrayna müharibəsinin nəticəsinin çox həlledici olduğunu bildirir. Rusiya məğlub olarsa, imperiya da çökər. Dünya çempionu yalnız bu halda gələcəkdə bu adda coğrafi predmetin olacağı ehtimalından danışmağın mümkünlüyünü qeyd edir. Bizimyol.info