"Hərbi rüsvayçılıq Putini ekstremal addımlara vadar edəcək" - Britaniya mətbuatı
Ukraynanın işğalı Rusiya üçün fəlakətə çevrilib. Bütün dünya həm sayca, həm də silah həcminə görə Ukrayna Silahlı Qüvvələrindən üstün olan “dünyanın ikinci ordusu”nun necə alçaldıldığını görür. Bu, Vladimir Putinin arzuladığı “böyük imperiya”nı bərpa etmək əvəzinə, ağır itkilərlə geriləmə nümayişinə çevrilib.
Bununla belə, Rusiya Federasiyasının zəifləməsi həm də dünya üçün əhəmiyyətli risk daşıyır - təcavüzkar ambisiyaları olan, lakin qalib gələ bilməyən zəifləmiş ölkə ifrat addıma - nüvə silahına əl ata bilər. Bu fikirlər İngiltərənin populyar “The Economist” nəşrində yer alıb. Məqalədə deyilir:
“Rusiya ordusunun Ukrayna ərazisindəki hərəkətlərini “fəlakət” sözü ilə ifadə etmək olar. Söhbət təkcə böyük canlı qüvvə və silah itkilərindən deyil, həm də hərbi komandanlığın gülünc hərəkətlərindən gedir. Rusiyanın müdafiə büdcəsi Fransa və Böyük Britaniyadan təxminən üç dəfə çoxdur. Amma bu məbləğin böyük hissəsi oğurlanır.
Rusiya dənizdə hava nəzarətini və gəmilərinin təhlükəsizliyini təmin edə bilmədi. Ukraynadan cavab alan Rusiya generalları isə müasir döyüş üsullarından uzaq qalaraq şəhərləri tamamilə məhv etmək və dinc əhalini terror etmək taktikasından istifadə edirlər. Ukrayna ordusu ciddi motivasiya nümayiş etdirir. Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin idarə edilməsi mərkəzləşmiş xarakter daşımır, yerlərdəki komandirlər qərar qəbul edə, təşəbbüs və mobillik nümayiş etdirə bilirlər. Komandanlığın şaquli tabeliyi şəraitində Rusiya qoşunları Donbassda və cənubda irəliləyə bilsələr belə, bu, yalnız texnika və canlı qüvvənin çoxluğu hesabına mümkün olacaq.
Putin öz xalqının qarşısına məğlub çıxmaq təhlükəsi ilə üz-üzədir. Heç bir təbliğat Ukraynadakı uğursuzluğu və əvvəllər hərbi gücü ilə öyünən dövlət imicinin itirilməsini gizlədə bilməz. Rusiya prezidenti Ukraynanı işğal etmək cəhdi ilə böyük riskə getdi və Rusiyanın “fövqəlgüc” statusunu qoruyub saxlamaq üçün nələrə hazır olduğunu göstərdi. Ona görə də onun döyüş meydanında məğlubiyyəti qəbul edə bilməyəcəyi və son arqumentindən - kimyəvi, bioloji və ya nüvə silahlarından istifadə edə biləcəyi təhlükəsi var. Putin öz rejimini saxlamaq istəyində kifayət qədər rasionaldır, ona görə də özünü məhv edə biləcək bir şeydən istifadə etmək ehtimalı azdır. Amma Ukrayna ilə müharibədə uğursuzluğun yaxınlaşması irrasional və ekstremal addım atmaq həvəsini artıra bilər.
“Hazırda Putin Ukraynaya qarşı müharibədə uduzur. Bu səbəbdən vəziyyəti dəyişməyin yeganə yolu nüvə şantajı və bütün dünyanı qorxutmaqdır”,- hərbi ekspert Oleq Jdanov bir müddət əvvəl bildirmişdi. Onun fikrincə, döyüş meydanında tam məğlubiyyət Kreml diktatoru üçün təhqir olardı.
Böyük Britaniyanın Rusiyadakı keçmiş səfiri Toni Brenton da qeyd etmişdi ki, Putin Donbasda hərbi məqsədlərinə çatmasa, onun nüvə silahından istifadə edəcəyini istisna etmək olmaz . Rusiya ordusunun uğurları ölkə rəhbəri üçün danışıqlarda əlavə “kozır” kimi lazımdır". Bizimyol.info