ŞOK PLAN: Rusiya ABŞ-ı başqa ölkənin ərazisindən vura bilər - ŞƏRH



 22:14 02.05.2022     2696

Rusiyanın Ukraynada apardığı işğalçı müharibə iki aydan çoxdur ki, davam edir. İndiyə kimi hər iki tərəf çoxsaylı itki versə də, müharibənin qalib və məğlub tərəfləri hələlik müəyyənləşməyib. Proses uzandıqca digər dövlətlər də öz maraqları naminə məsələyə müdaxilə etməyə çalışır. Belə ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Adam Kinzinqer Rusiyanın kütləvi qırğın silahlarından istifadə edəcəyi halda Ukraynanın müdafiəsi üçün ABŞ hərbi qüvvələrinin istifadəsinə icazə verən qətnamə layihəsi təqdim edib. Əgər təşəbbüs təsdiq olunarsa, ABŞ Prezidentinə Rusiyanın Ukraynaya qarşı kimyəvi, bioloji və ya nüvə silahlarından istifadə etməsi ssenarisinə cavab vermək üçün ABŞ Silahlı Qüvvələrindən istifadə etmək səlahiyyəti verəcək.

Maraqlıdır, ABŞ hərbçiləri Ukraynadakı döyüşlərə qatılacaqmı? Bu baş verərsə, dünyanı hansı təhlükələr gözləyir?

Demedia.az xəbər verir ki, mövzu ilə bağlıKonkret.az-ın suallarını politoloq Cümşüd Nuriyev cavablandırıb. O bildirib ki, bu ssenari real görünmür:

“Ukraynada ABŞ-dan olan hərbi təlimçilər var və bu  fakt heç kimə sirr deyil. ABŞ hərbçiləri Ukraynaya döyüşməyə getməyəcək. Onlar hərbi təlimçilərdir. Çünki ABŞ-dan alınan hərbi texnikanı ukraynalı hərbçilər idarə edə bilmir. NATO-nun nizamnaməsinə görə, təşkilata üzv olan dövlətlər belə məsələlərə müdaxilə edə bilməz.  İndiyə kimi Müdafiə Nazirindən tutmuş ABŞ-ın ən yüksək çinli məmurları Ukraynaya səfər edib. Yəni, Ukraynaya gəlməyən bircə prezident Co Bayden qalıb. Çünki Ağ Evin müharibə ilə bağlı öz maraqları var. Amma hərbçilərin müharibədə döyüşəcəyi inandırıcı deyil. Ukrayna Rusiya ilə  informasiya müharibəsini də uğurla aparır. Ukrayna kəşfiyyat idarələri Kremli  qorxutmaq üçün belə məlumatları qəsdlə yayırlar. Yəni yayılan belə məlumatlar informasiya savaşının bir hissəsidir. 2003-ci ildən sonra ABŞ hərbi əməliyyatlarda iştirak etmir. 19 ildən sonra Ağ Ev rəhbərliyinin fikrini dəyişəcəyi real deyil”.

Politoloq qeyd edib ki, Baydenin hərbçiləri döyüşlərə qatılarsa Rusiya bunu cavabsız qoymayacaq:

“Lakin əgər proqnozlar özünü doğrultmazsa və ən pis ssenari baş tutarsa, ciddi problemlər yaranacaq. Yəni ABŞ hərbçiləri Ukraynada döyüşlərə qatılarsa Rusiya bunu cavabsız qoymayacaq. Yəqin ki, Kreml  ABŞ-ın 7-8 şəhərini kiçik nüvə başlıqları ilə vuracaq. Çünki Rusiyanın hərbi strukturları Putinin əmrinə hazırdır. Rus hərbçiləri istənilən vaxt istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Putinin kifayət qədər problemi var. Ona görə də Kreml rəhbəri ABŞ-ı öz ərazisindən yox, hansısa Avropa ölkəsindən vura bilər. Burada qurbanlıq ölkə isə yəqin ki, Polşa olacaq”.