Zelenskidən Türkiyəyə ŞOK İTTİHAM: Kiyev və Ankara arasında nə baş verib?
Zelenski niyə Türkiyəni ittiham edir?
Zelenski Türkiyəni rus turistləri qəbul etdiyinə görə qınayır və bildirir ki, Ankara bir tərəfdən vasitəçilik rolunu oynayır, Ukraynanı mühüm addımlarla dəstəkləyir, digər tərəfdən rus turistlərin gəlişinə hazırlaşır.
“Dost münasibətlərə sahib olmaq istəyiriksə, bu qəbul edilən deyil. Bu, ikilistandartdır, Türkiyə seçim etməlidir”, - deyə əlavə edir.
Zelenskinin niyə belə dediyi və nə qədər obyektiv yanaşdığı şübhəlidir. Çünki Kiyev-Moskva arasında sülhə nail olmağa çalışan Ankara Ukraynaya “Bayraktar”lar verir və bu silahların müharibədə oynadığı rolu ukraynalıların özləri etiraf edirlər. Digər tərəfdən, turizm sektorunun iqtisadiyyatında xüsusi rolu olan Türkiyə üçün rus turistlərin qəbulu vacibdir. Zelenski istəyir ki, Türkiyə iqtisadi gəlirdən imtina etsin.
Türkiyə niyə bundan imtina etməlidir?! Hər gün enerji resurslarına görə Rusiyaya bir milyard dollar pul ödəyən Avropa imtina edə bilirmi?! Aİ rus qazı və neftindən asılılığı aradan qaldırmaq üzərində işləyir, lakin birdəfəlik imtina edə bilmir, çünki bunun olması Avropa iqtisadiyyatını alt-üst edə bilər və hər gün milyard dollara yaxın ödəniş edirlər. Belə demək mümkünsə, Rusiyaya sanksiya tətbiq edən Qərb həm də rusların cibini doldurur.
Bu reallıqlar fonunda Türkiyəni ittiham etmək ən azı ədalətsizlikdir. Zelenskinin bu açıqlamasında Türkiyənin vasitəçilik missiyasını istəməyən ölkələrin təsirinin olduğu da istisna deyil.
Xüsusi diqqətçəkən məqam isə Ukrayna prezidentinin bu fikirləri yunan televiziyasına müsahibəsində deməsidir: müharibənin başlanmasından sonra rəsmi Afina ilə münasibətləri istədiyi kimi getməyən Rusiya turistlərini Türkiyəyə göndərəcəyini (Lavrov açıq şəkildə dilə gətirmişdi) bildirmişdi; mövcud vəziyyətdə rus turistləri üzərindən qazancını itirən Yunanıstan Türkiyənin qazanmasını istəmir və Zelenskinin belə danışması ən çox yunanlara da sərf edir;
Siyasi şərhçi Asif Nərimanlı