Ukrayna ilə bağlı "MARŞAL PLAN"I



 11:35 05.05.2022     675

“Bu gün Ukrayna ilə bağlı “Marşall planı”nın əsası qoyula bilər”.

Demedia.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bu gün, mayın 5-də Polşanın paytaxtı Varşavada keçiriləcək Ukraynaya yardımla bağlı konfrans ərəfəsində "Interfaks - Ukraina"ya müsahibəsində deyib.

“Varşavada keçiriləcək donor konfransın Ukrayna ilə bağlı Avropa “Marşal planı”nın başlanğıc nöqtəsi olacağına inanıram. Biz bunu etməliyik. Biz Ukraynanı mümkün qədər güclü dəstəklədiyimizi göstərməliyik”, - o bildirib.

Ş.Mişel Rusiyanın Ukraynaya hərbi müdaxiləsini İkinci Dünya müharibəsi ilə müqayisə edib: “Bu əsrdə Ukraynaya qarşı müharibə humanitar faciədir. Bu gün uzaqgörən liderlər ayağa qalxmalı və cəsarətli olmalıdırlar. Biz Ukraynanı təkcə sözlə, çıxışlarımızla dəstəkləməli deyilik. Bu, kifayət deyil. Bizə pul, güclü siyasi iradə lazımdır”.

Qeyd edək ki, “Marşall planı” və ya rəsmi adı ilə “Avropanı bərpa proqramı” İkinci Dünya müharibəsindən sonra ABŞ-ın Avropaya yardım proqramıdır. Bu təşəbbüs 1947-ci ildə ABŞ dövlət katibi Corc C. Marşall tərəfindən irəli sürülüb və 1948-ci ilin aprelindən qüvvəyə minib. Planın həyata keçirilməsində 17 Avropa ölkəsi, o cümlədən Qərbi Almaniya iştirak edib.

“Marşall plan”ı Qərbi Avropada müharibədən sonra sülhün bərqərar olmasına töhfə verib. Planın məqsədi müharibə nəticəsində dağılmış Avropa iqtisadiyyatını bərpa etmək, ticarət əngəllərini aradan qaldırmaq, Avropa ölkələrinin sənayesini modernləşdirmək, kommunistləri güc strukturlarından sıxışdırıb çıxarmaq və bütövlükdə Avropanı inkişaf etdirmək olub.

“Marşall planı”na SSRİ iqtisadiyyatının müharibədən sonrakı yenidən qurulmasına yardım da daxil idi, lakin Sovet İttifaqının rəhbərliyi proqram çərçivəsində yardımın bütün formalarından imtina edib.