Məğlubiyyəti xalqa izah etmək üçün yol axtarırlar - Rusiya "qələbə nağılı" yazır
Ukrayna Müdafiə Qüvvələrinə qarşı döyüş meydanında hərbi uğursuzluqların nəticəsində Rusiya təbliğatını dəyişməyə başlayıb. Belə ki, artıq “RosSMI” yeni siyasi ritorikanın yayımlanması ilə bağlı təlimat verib. İndi Rusiya mətbuatı “sağ qalmaq naminə birləşmək” haqqında miflərlə “qidalanacaq”.
Deemdia.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi sosial şəbəkə hesabında məlumat yayıb. Müharibənin 75 günü göstərdi ki, canlı qüvvə və texnika baxımından çoxsaylı üstünlüklərə baxmayaraq, Vladimir Putinin ordusu Ukrayna qoşunlarına məğlub olur.
Bu səbbədən də, Rusiya vətəndaşlarının hərbi “məğlubedilməzlik”lə bağlı təsəvvürlərini dəyişmək və cəmiyyəti mümkün məğlubiyyətə hazırlamaq üçün Rusiya KİV-lərinə “xüsusi əməliyyat”ın keçirilməsini başqa formada təqdim etmək tapşırılıb. Xüsusilə, Ukraynaya qarşı müharibə haqqında "Rusiya Federasiyası ilə Avropa İttifaqı və NATO-nun bütün dövlətləri arasında silahlı qarşıdurma" kimi danışmaq tapşırılıb.
"Kreml siyasi texnoloqlarının fikrincə, bu, daha güclü rəqibə uduzmaq anlamına gələcək və utanc hissini azaldacaq",- deyə məlumatda bildirilir. Ukraynanın hərbi kəşfiyyatı həmçinin qeyd edib ki, indi Kreml telekanallarının, internet mediasının rəhbərləri və Putinyönlü botlar ordusu artıq yeni informasiya siyasətinə keçmək üçün göstərişlər alır.
"İşğalçı ölkənin təbliğatçıları indi Rusiya vətəndaşlarının beynini öz “sağ qalmaq naminə birləşmək” zərurəti və Kreml diktatorunun siyasətinə kor-koranə inamla bağlı ideyalarla yuyacaqlar",- deyə Kəşfiyyat İdarəsi əlavə edib.
Xatırladaq ki, ötən həftə Rusiya təbliğat mediası Ukrayna haqqında bir sıra müntəzəm saxtakarlıqlara başlayıb. Belə ki, onlar "Ukrayna Silahlı Qüvvələrinin hərbi cinayətləri" iddiası ilə bağlı yalan danışır, həmçinin ABŞ və Avropanın Rusiya Federasiyasına qarşı sanksiyaları və Qərbin Ukraynaya silah tədarükünün həcminin artırılması mövzusu ilə bağlı yalan məlumatlar yayırlar.