Ukraynada döyüşmək istəmirik: Rusiya xalqı səfərbərliyə qarşı çıxdı
Rusiyada Ukraynaya qarşı müharibədə iştirak etmək üçün ümumi səfərbərlik barədə yayılan məlumatlar ölkə vətəndaşları tərəfindən mənfi qarşılanıb.
Demedia.az Ukrayna mediasına istinadla xəbər verir ki, bəziləri belə olan təqdirdə, silah götürüb Kremlə gedəcəklərini deyiblər. Bu mözvu ilə bağlı Rusiyada keçirilən küçə sorğusu bir daha bunu sübut edir. Sorğuda iştirak edən vətəndaşlar Ukraynada döyüşmək üçün orduya getmək və ölmək istəmədiklərini dilə gətiriblər.
"Bu çağırışa lənət olsun. Hamımızı ölümə göndərirlər. Amma bu bizim mənafeyimiz üçün deyil. Bizə lazım deyil. Heç bir adekvat adama lazım deyil. Z, V işarəsini qəbul edənlər varsa, onlar getsin. Mən başqasının maraqları üçün ölməyi normal hesab etmirəm”,- deyə Rusiya vətəndaşlarından biri bildirib.
Digər bir vətəndaş isə deyib: “Əgər faşistlər Rusiyaya hücum etsələr, mən müdafiə etməyə hazıram. Əgər faşistlər deyilsə, bəlkə də, bu, ən yaxşısıdır".
Sorğuda iştirak edən digər Rusiya vətəndaşı isə müharibənin ona lazım olmadığını bildirib: “Lənət olsun, bu mənə lazımdırmı? Düşünürəm ki, əvvəlcə burada faşizmi məğlub etmək lazımdır. Və yalnız bundan sonra antifaşizm barədə düşünmək olar. Əlbəttə, Vladimir Vladimiroviçin fikirlərini oxumuram. Mənim fikrimcə, əgər Vladimir Putin ümumi səfərbərlik etsə, o zaman onun hakimiyyətdə nə qədər qalacağını saatlarla hesablamaq olar. Klassiklərin də zamanında yazdığı kimi: ordu süngülərini öz rəhbərinə çevirəcək”.
Vətəndaşlar hesab edir ki, əgər hökumət birbaşa səfərbərlik elan etdiyini desə, bu, onun seçicilərin gözündə statusunu xeyli aşağı salacaq.
Xatırladaq ki, bir müddət əvvəl Kremlin sistemli şəkildə Rusiya cəmiyyətini ümumi səfərbərliyə hazırladığı deyilirdi. Bu məqsədlə, Rusiya Federasiyasının şəhərlərində və xaricdə təxribatlar və terror aktları təşkil edilir, bunun məsuliyyəti Ukrayna Silahlı Qüvvələrinin üzərinə atılırdı.
Qeyd edək ki, əksər hərbi ekspertlər mayın 9-da Putinin Ukraynaya müharibə elan edəcəyinə və Rusiyada səfərbərlik qərarını açıqlayacağına inanırdı. Amma bu proqnoz da gerçəkləşmədi. / Bizimyol.info