Türkiyənin mövqeyi NATO-nu silkələdi - Generaldan açıqlama



 21:47 14.05.2022     754

Türkiyənin xarici siyasətinin təməlində “Yurdda sülh, dünyada sülh” fəlsəfəsi var. Türkiyə hər zaman dünyada sülhü, dövlətlərin ərazi bütövlüyünü dəstəkləyib və buna təhdid olan terrorçu təşkilatlara bəzi ölkələr kimi siyasi mənfəətlər naminə ikili standartla yanaşmayıb, birmənalı şəkildə ona qarşı mübarizə aparıb.

Bu sözləri Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlüyünə qarşı çıxmasını Axar.az-a şərh edən Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib. Generalın sözlərinə görə, rəsmi Ankara sərgilədiyi mövqenin qarşılığında Avropadakı bəzi ölkələrdən adekvat münasibət görməyib:

"Dünyada bəzi ölkələr Türkiyənin birlik və bərabərliyini, ərazi bütövlüyünü pozmaq üçün fəaliyyət göstərən terror təşkilatlarını, terrorçuları təhdid olaraq görmək, ona qarşı mübarizə aparmaq əvəzinə onlara ev sahibliyi edir. Sözügedən ölkələr Türkiyənin PKK və PYD terror təşkilatlarına, ifrat sol qruplara qarşı münasibətinə qarşı laqeydlik nümayiş etdirib. Məsələn, ən son İsveçin xarici işlər naziri Ann Linde öz dövləti adından Türkiyədən Suriyadan çıxmağı tələb edib. Bu ölkələr heç vaxt onlara təhdid olmayacaqmış kimi, ancaq daxili siyasət və öz mənfəətləri üçün terrorçuları dəstəkləyib. İndi qapılarında Rusiya təhdidini hiss etdikləri üçün NATO-ya üzv olmaq istəyirlər".

Yücel Karauz rəsmi Ankaranın hər zaman terrora və terror təşkilatlarına beynəlxalq hüquqa görə münasibət göstərilməsini tələb etdiyini vurğulayıb:

"Türkiyə İsveç və Finlandiyadan dövlət müstəqilliyinə, ərazi bütövlüyünə təhdid olan PKK və PYD-yə, ifrat sol qruplara ev sahibliyi etməməsini, onların siyasi bürolarının və nümayəndəliklərinin bağlanmasını, onların rəsmi şəkildə terrorçu kimi tanınmasını, miqrant siyasətini yenidən nəzərdən keçirmələrini və ortaq bir münasibət nümayiş etdirmələrini istəyir.

Türkiyə hər zaman belə Avropa ölkələrinə illər boyu terrora və terrorçuya qarşı münasibətdə vahid standartın tətbiqinin vacibliyindən danışıb. Yəni hər şeyi öz adı ilə çağırmaq lazımdır. Xüsusilə Baltik ölkələri Türkiyənin tələblərini eşitməzdən gəldi, miqrant adı altında bunların maddi və mənəvi bütün ehtiyaclarını qarşıladı”.

Qeyd edək ki, Türkiyə lideri Ərdoğanın Finlandiya və İsveçin NATO-ya qəbuluna qarşı çıxması alyansda rezonans doğurub.