Ərdoğanın çıxışı Qərbi silkələdi - Türkiyədən asılı vəziyyətə düşdülər



 13:29 15.05.2022     1502

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı açıqlaması dünya mediasında müzakirə mövzusuna çevrilib.

Demedia.az xəbər verir ki, nüfuzlu nəşrlər Türkiyə liderinin bu iki ölkənin NATO üzvlüyünə etirazını manşetlərə çıxarıblar.

ABŞ-ın AP agentliyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlüyünə mənfi baxdığını yazıb.

İngiltərənin “Reuters” agentliyi də Ərdoğanın çıxışına geniş yer verib.

“Bloomberg”də Türkiyə liderinin çıxışını “Ərdoğan Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə isti baxmadığını dedi” başlığı ilə dərc edib.

İsveç nəşri “Expressen” Ərdoğanın sözlərinə istinad edərək, bu ölkənin NATO-ya üzv olması üçün 30 dövlətin razılığının lazım olduğunu yazıb. Məqalədə NATO baş katibi Yens Stoltenberqin müraciət prosesinin sürətli olacağına söz verdiyi və qapıların hər iki ölkəyə açıq olduğuna dair sözləri xatırladılıb.

“Dagens Nyheter” də Türkiyə liderinin açıqlamasını manşetə çıxarıb. Nəşr Ərdoğanın “İsveç PKK və digər terror təşkilatlarının evinə çevrilib” sözlərinə diqqət çəkib və Türkiyənin bu iki ölkənin NATO üzvlüyünə tərəfdar olmadığı da bildirilib.

İsveç nəşri Ərdoğanın bu sözlərinə istinad edib:

“Təəssüf ki, Skandinaviya ölkələri terror təşkilatları üçün qonaq evinə çevrilib. PKK, DHKP-C İsveçdə, Hollandiyada məskən salıb. Hətta bu ölkələrin parlamentlərdə də iştirak edirlər. Belə olan halda üzvlüyə müsbət baxmağımız mümkün deyil”.

Ölkənin ən çox oxunan qəzetlərindən biri olan “Aftonbladet” də Türkiyə prezidentinin açıqlamasına geniş yer verib.

“Türkiyə digər NATO ölkələrinə nisbətən Rusiyaya daha yaxındır və Ukraynanın işğalından sonra Qərblə Vladimir Putin arasında balans siyasəti yürütməyə başlayıb. Eyni zamanda, ekspertlərin fikrincə, Ərdoğan açıq şəkildə tərəf tutmamaq üçün vasitəçilik təklif edib”, - məqalədə vurğulanıb.

Məqalədə Türkiyə ilə yanaşı, Xorvatiyanın da bu iki ölkəni NATO-da səbirsizliklə gözləmədiyi deyilib. Bununla belə, Xorvatiya rəhbərliyinin fikrini dəyişə biləcəyi də iddia olunub.

Digər tərəfdən, İsveçin Sol və Yaşıllar partiyalarının da NATO üzvlüyünə qarşı çıxdıqları bildirilib. / teleqraf.com