Putinin hesablamaları uğursuz oldu: İrəliyə atıldı, geriyə düşdü...



 22:14 15.05.2022     1837

Finlandiya və İsveç rəsmi olaraq NATO-ya üzvlük üçün müraciət ediblər. Onların alyansa qəbulunun təsdiq olunması, Rusiya lideri Putinin NATO-nu zəiflətmək planına zərbə vurmuş olacaq.

Demedia.az xəbər verir ki,  ABŞ-ın Müharibənin Tədqiqi İnstitutu hesab edir ki, Finlandiya rəsmi olaraq NATO-ya müraciət edərsə və Türkiyənin də daxil olduğu 30 üzvün təsdiqi ilə üzv olarsa, Rusiya lideri Vladimir Putin əvvəldən görmək istəmədiyi mənzərə ilə üzləşəcək. Mümkün üzvlük Avropanın təhlükəsizlik xəritəsinin yenidən tərtib edilməsini qaçılmaz edəcək. Bu da mövcud balanslara təsir edəcək və Rusiyanın baş tutmayan hesabları dəyişdirərək onu yeni vəziyyətə uyğun mövqe yaratmağa sövq edəcək.

Finlandiyanın Rusiya ilə 1340 km quru sərhədi var. Üzvlük halında ikitərəfli sərhəd NATO sərhədinə çevriləcək. Finlandiya hərbi baxımdan neytral olsa da, Rusiya sərhədində müəyyən qüvvə saxlayırdı. Bu ölkə NATO-ya daxil olarsa, Rusiya bölgədə saxladığı qüvvələrin həm sayında, həm də növündə ciddi dəyişiklik etmək məcburiyyəyində qalacaq.

Finlandiya heç bir hərbi ittifaqın üzvü olmadığı üçün onun ərazisində yalnız milli hərbi qüvvələr var. NATO bu ölkənin, ola bilsin ki, İsveçin üzvlüyünü nəzərə alaraq müdafiə planlarını yenidən işləyib hazırlayacaq. Qoşulma baş verərsə, Putinin istəklərinin əksinə olaraq, hərbi, hava və dəniz elementlərinin balansı da indikindən tamamilə fərqli olacaq.

Şimali Avropadakı “boşluq” NATO-nun xeyrinə doldurulacaq. Baltik dənizində tarazlıq Rusiyaya qarşı pozulacaq. NATO-nun Baltik dənizinə nəzarət imkanları artdıqca, onun regiondakı üzvlərini qorumaq qabiliyyəti indiki ilə müqayisədə kəskin şəkildə alyansın xeyrinə dəyişəcək.

Finlandiya üzv olmadığı üçün NATO-nun ümumi müdafiə prinsipi olan 5-ci maddə ilə əhatə olunmur, çünki üzvə edilən hücum bütün Alyansa hücum hesab edilir. Üzvlüklə bu bənd Finlandiyaya da şamil olunacaq. Belə olan halda Rusiya Ukraynaya bənzər addım atmazdan əvvəl iki dəfə düşünməli olacaq.

Rusiya əvvəldən NATO-nun genişlənməsinə təhlükə kimi baxır. Onun Ukraynaya hücum etməzdən əvvəl qoyduğu şərtlər arasında Alyansın 1997-ci il sərhədlərinə qayıtması və keçmiş sovet dövlətlərinin xaric edilməsi də var. Finlandiya və İsveçin mümkün üzvlüyü Putin üçün yeni məğlubiyyət demək olacaq.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin fevralın 24-də başlayan müharibədən sonra ilk dəfə rusiyalı həmkarı Sergey Şoyqu ilə telefonla danışıb. Görüş zamanı bildirilib ki, ABŞ tərəfinin atəşkəs çağırışına baxmayaraq, əsas məsələlərdə irəliləyiş əldə olunmayıb. / Bizimyol.info