İranda ara qarışdı: Etirazçılar ölkə rəhbərliyini hədəfə alıb - Ölənlər var / VİDEO



 22:14 16.05.2022     1820

İranda hökumətin ərzaq subsidiyalarını dayandırmasına etiraz məqsədilə başlayan nümayişlər siyasi xarakter alıb.

Demedia.az xəbər verir ki, etirazçılar ölkənin yüksək rütbəli siyasətçilərini istefa verməyə çağırıb. Röyters sosial mediada nümayişçilərin paylaşdığı məlumatlara əsasən, aksiyalar zamanı azı 4 nəfərin həyatını itirdiyini yazıb. Ölkə miqyasında müşahidə edilən etirazlara polis gözyaşardıcı qazla müdaxilə edib. Polis etirazçıların hökumət binaları istiqamətində yürüş etməsinin qarşısını almaq üçün bəzi mərkəzi yolları və meydanları bağlayıb.

Etirazçıların sosial mediada paylaşdığı videolara görə, nümayişçilər İran ordusuna məxsus mərkəzə hücum edib. Bu zaman isə aksiya iştirakçılarına atəş açılıb. Aksiyalar Tehranla yanaşı Xorasan, Nişabur və Ərdəbil şəhərlərində də müşahidə edilib. İranın rəsmi agentlikləri ölkə miqyasında aksiyaların səngidiyini açıqlasa da, nümayişçilər sosial mediadakı paylaşımlarında aksiyaların davam etdiyini irəli sürüb.