Çeçenistanda kişiləri oğurlayaraq məcburən Ukraynaya göndərirlər - ŞOK İDDİA



 09:56 30.05.2022     608

Kreml Ukrayna müharibəsinə daha çox bölgələrdən olan hərbçiləri yollayır. Əsgərlik yaşı çatmış və ya ehtiyatda olan hərbi qulluqçular qonşu ölkədəki müharibəyə göndərilir. Təsadüfi deyil ki, Ukraynada törədilən vəhşiliklərdə Çeçensitan və Buryatiyadan olanların adları daha çox çəkilir. Çünki bu respublikalardan müharibəyə daha çox hərbçi yola salınıb.

Demedia.az xəbər verir ki, Çeçenistan rəhbəri Ramzan Kadırov mümkün qədər özünü Rusiya Prezidenti Vladimir Putinə sadiq şəxs kimi göstərməyə çalışır. Xüsusi canfəşanlıq məhz buna görədir. Çeçen hüquq müdafiəçiləri, blogerlər bildirir ki, respublikada kişiləri müharibəyə cəlb etmək üçün gücdən istifadə olunur. Kişilərin oğurlanaraq Ukraynaya məcbur göndərildiyi iddia edilir.

“1ADAT” müxalifət hərəkatı azı 130 Çeçenistan sakininin müvəqqəti saxlama təcridxanasına aparıldığını, tezliklə Ukraynaya yola salınacağını açıqlayıb. “Vayfond” hüquq müdafiəsi assosiasiyası da bənzər bəyanatla çıxış edib. Bəyanata görə, təşkilat Çeçenistan sakinlərindən onlarla şikayət müraciətləri alıb. Burada da kişilərin oğurlanmasından söhbət gedir. Küçədə elə adamları saxlayıblar ki, həmin şəxslərin əslində əlilliyi var.

“Vayfond”un əməkdaşlarından biri alternativ mediaya danışıb ki, Çeçenistan sakinlərini hətta müxtəlif sənədlərə qol çəkməyə məcbur edirlər: “Qol çəkməyə tərəddüd edənlərə, istəməyənlərə hədə-qorxu gəlirlər. Həmin ailələr qətiyyən müharibədə iştirak etmək arzusunda deyil. İş orasındadır ki, sonradan yaralılara və həlak olanların ailələrinə təbliğat kampaniyasında səsləndirilən məbləğlər də verilmir. Daha kiçik vəsaitlə məsələni qapadırlar”.

Müxalif bloger, “İslamın düşüncələri” “YouTube” kanalının müəllifi İslam Belokiyev oğurlananların xeyli çox olduğunu bildirir. Onun sözlərinə görə, təzyiqə məruz qalanların çox az hissəsi hüquq müdafiəçilərinə müraciət edir. / Bizimyol.info