Ərdoğan müxalifətə belə cavab verdi: Ömrümüzün sonunadək Türkiyədəyik
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü müxalif siyasətçilərin guya respublikadan qaçmaq niyyətində olması ilə bağlı iddialarına cavab verib və ömrünün sonunadək ölkədə qalacağını bildirib.
Demedia.az xəbər verir ki, bu barədə informasiyanı Türkiyə mətbuatı yayıb.
“Son nəfəsimizə qədər burada olacağıq. Onların fikrincə, Tayyib Ərdoğan ölkədən qaçacaq adamdır. Amma Ərdoğan İstanbulun Ataköy səmtindədir. Ömrümüzün sonunadək buradayıq”.
Ərdoğan bu fikirləri TRT tərəfindən yayımlanan İstanbulun fəthinin ildönümü münasibətilə keçirilən mitinqdə səsləndirib.
Mayın 25-də Türkiyənin ana müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu Ərdoğan ailəsini milyonlarla dolları ABŞ-a aparmaqda ittiham edib. Kılıçdaroğlu Ərdoğanın “qaçış planının anatomiyası”nı da ictimaiyyətə çatdıracağına söz verib. Həmin gün axşam saatlarında CHP lideri Twitter-də Ərdoğan ailəsinin ABŞ-a guya köçürdüyü vəsaitlərlə bağlı videonu yayıb.
Ərdoğan da öz növbəsində CHP liderini ittihamlarına görə məhkəməyə verib. O, maddi ziyanın miqdarının bir milyon türk lirəsi (61 min dollar) olduğunu deyib.