İstanbulda razılıq əldə olundu: Rusiyadan yaşıl işıq... - Dördtərəfli görüş gözlənilir



 20:51 08.06.2022     381

Rusiya Türkiyənin təşəbbüsləri ilə BMT-nin Qara dənizdə həyata keçirməyi planlaşdırdığı taxıl dəhlizinə yaşıl işıq yandırıb.

Demedia.az xəbər verir ki, qlobal ərzaq böhranının həlli istiqamətində atılan ən mühüm addım olan Qara dənizdəki taxıl dəhlizi ilə bağlı Rusiyadan müsbət mesaj gəlib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdə deyib: “Zelenskinin göstəriş verməsi kifayətdir. Biz bundan sui-istifadə etməyəcəyik".

Zelenski razılaşarsa, İstanbulda BMT, Rusiya, Ukrayna və Türkiyənin iştirakı ilə dördtərəfli görüş keçiriləcək. 

Ankarada Lavrovla görüşən Çavuşoğlu BMT-nin Qara dənizdəki taxıl böhranı ilə bağlı planını açıqlayıb: “Bu plana Rusiya, Ukrayna və Türkiyə arasında qurula biləcək mexanizm və əməkdaşlıq daxildir. Türkiyə bu planı məqbul sayır. Rusiya və Ukrayna da razılaşacağı təqdirdə Türkiyə İstanbulda görüşə ev sahibliyi edə bilər. Rusiyanın Ukrayna taxıl məhsulları və günəbaxan yağının beynəlxalq bazarlara ixracı qarşısındakı maneələrin aradan qaldırılması tələbini çox qanuni hesab edirik”.

Çavuşoğlu həmçinin Azərbaycan və Ermənistan arasında normallaşma prosesindəki dəstəyinə görə Rusiyaya təşəkkür edib.