Putin "devirdiyi" Nazarbayevi niyə yüksək səviyyədə qəbul etdi? - Ərdoğan amili... / ŞOK DETALLAR



 17:02 13.06.2022     504

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Demedia.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Nazarbayevin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir: “Dostluq şəraitində keçən görüş zamanı Qazaxıstanın birinci prezidenti ilə Rusiya prezidenti iki dövlət arasında münasibətlərin qurulmasının 30 illiyi münasibətilə bir-birini təbrik edib. Siyasətçilər bərabərhüquqlu dialoqa əsaslanan ikitərəfli əməkdaşlığın inkişafı məsələsinə toxunublar. Tərəflər Qazaxıstan və Rusiya xalqlarının firavanlığı naminə qurulmuş dostluq əlaqələrinin bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə ediblər”.

Məlumatda qeyd olunan ifadələr Putinin Nazarbayevi yüksək səviyyədə qəbul etdiyini göstərir və bu qəbul, ümumiyyətlə görüş bu ilin yanvar ayında Qazaxıstanda baş verən hadisələr fonunda diqqət çəkir.

Yanvar hadisələrinin nəticəsində Nazarbayevin bütün ətrafının neytrallaşdırılması, ardınca KTMT-nin müdaxiləsi o versiyanı önə çıxarırdı ki, Moskva Elbaşının müstəqil, ən azı balanslaşdırılmış siyasətinə qarşı Qazaxıstanda “ipləri” yenidən əlinə alır. Lakin Putinin Nazarbayevi indi qəbul etməsi suallar yaradır və iki ehtimalı önə çıxarır:

Birincisi, yanvar hadisələri, ümumiyyətlə Qazaxıstanın “yenilənməsi” prosesində Nazarbayev də gizli iştirakçı idi;

İkincisi, Tokayevin son addımları Kremlin mövqeyinə təsir edib: Qazaxıstanda prezidentin səlahiyyətlərinin azaldılması da daxil olmaqla tarixi hadisə hesab edilə biləcək islahatlar həyata keçirilir və bu, Rusiyanın maraqlarına uyğun olmaya bilər; Nazarbayevi neytrallaşdırmaq üçün Tokayevdən istifadə edən Moskva indi əks gedişlə Qazaxıstan daxili siyasətinə təsirini saxlamağa çalışır.

Burada əsas məqamlardan biri isə Türkiyə amili ola bilər. Yanvar hadisələrindən sonra “yoxa çıxan” Nazarbayev ilk dəfə Antalya Diplomatik Forumunda ortaya çıxdı və Ərdoğan tərəfindən qəbul olundu. İstisna deyil ki, Putin Ankaranın dəstəklədiyi Nazarbayevlə bütün bağları qoparmaq istəmir.