Çin bu məsələdə ABŞ-la rəqibdir, Türkiyəni isə dinləyər...
Çində uyğur türklərinə qarşı edilən zülmə səssiz qalmaq doğru deyil. Uyğurların öz mədəniyyətini, dilini, dinini yaşatmaq haqqı var. Bu gün öz dövləti olan, buna baxmayaraq, başqa dövlətin ərazisini işğal etmək üçün çalışan erməniləri dünyada məzlum kimi göstərən bir çox insan haqları təşkilatları uyğur türklərinə qarşı edilən zülmə səssiz qalır.
Nexeber.az xəbər verir ki, bu sözləri axar.az-a -a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli deyib.
Politoloq qeyd edib ki, Çin Kommunist Partiyası 2017-ci il mart ayından bəri uyğurlara qarşı açıqca repressiya aparır:
“Uyğur türkləri inkişaf etmiş mədəniyyətə, köklü tarixə və dövlətçilik təcrübəsinə sahibdir. Tarix boyu bir neçə dəfə dövlət quran uyğurlar Çingiz xanın qələbələrində də yüksək paya sahibdir. Çünki tarixə baxsaq görərik ki, uyğurlar şəhər həyatına keçən ilk türk xalqıdır və bunun nəticəsində yüksək mədəniyyətə və texnologiyaya sahib xalq olublar.
Bu gün təəssüf ki, bu xalq Çin zülmü altındadır. Rəsmi Pekin faktiki olaraq uyğur türklərinə kütləvi repressiya edir, haqlarını kobudca pozur”.
Politoloqun sözlərinə görə, türk ölkələri Çin ilə yüksək əlaqələrə sahibdir:
“Bu gün bu əlaqələr iqtisadi sferada daha da inkişaf etməkdədir. Düşünürəm, başda Türkiyə olmaqla, türk ölkələri Çində uyğur türklərinə yardım etməli, bu istiqamətdə rəsmi Pekinlə danışıqlar aparmalıdır.
Düzdür, bu gün ABŞ da uyğurlar ilə bağlı rəsmi Pekinə etirazını açıq şəkildə bildirir. Lakin rəsmi Vaşinqton bu məsələdə heç də səmimi deyil. Çünki məqsədi ən böyük rəqibi Çinə təzyiq etməkdir və bu məsələdə uyğurlardan istifadə edir. Amma türk ölkələrinin uyğur türkləri ilə bağlı Çinə müraciəti səmimi qəbul oluna bilər. Burada məqsəd sadəcə, uyğur türklərinin dil, din azadlıqları və insan haqlarının təminidir”.