Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yol bağlandı
Gürcüstanda intensiv yağışlar səbəbindən Terek çayının daşması nəticəsində beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars avtomobil yolu bütün növ nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.
Demedia.az xəbər verir ki, mürəkkəb meteoroloji vəziyyətlə əlaqədar olaraq Gürcüstan-Rusiya sərhədindəki “Kazbeqi” gömrük-keçid məntəqəsi də müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib ki, gömrük-keçid məntəqəsində bütün gömrük nəzarəti prosedurları dayandırılıb. Həmçinin fiziki şəxslərin də dövlət sərhədini keçməsi mümkünsüz olub.
Hava şəraiti yaxşılaşdıqdan və bərpa işləri başa çatdıqdan sonra “Kazbeqi” gömrük-keçid məntəqəsi əvvəlki kimi tam gücü ilə fəaliyyətini davam etdirəcək, sərnişinlərin hərəkəti və yüklərin daşınması problemsiz həyata keçiriləcək.
Qeyd edək ki, Mtsxeta-Stepantsminda-Lars avtomobil yolu Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru və alternativi olmayan yoldur.