Ərdoğan məharətlə oynadı, evə qələbə ilə qayıdır - Anlaşma dünyanı silkələdi



 15:48 29.06.2022     641

Türkiyənin Finlandiya və İsveçin NATO üzvlüyünə “yaşıl işıq” yandırması və bunun qarşılığında aldığı zəmanətlər dünyada rezonans doğurub.

Demedia.az xəbər verir ki, ABŞ-ın aparıcı beyin mərkəzlərindən biri “Atlantic Council” Türkiyənin bu addımı ilə böyük uğurlara imza atdığını bildirib.

“Türkiyə NATO-da əl qaldıraraq nə qazandı?” başlıqlı məqalədə mərkəzin mütəxəssisləri qeyd ediblər:

“Qapı yenidən açıldı. Alyansın Madriddə sammiti başlayan kimi həftələrlə davam edən gərginlikdən sonra Türkiyə, nəhayət, Finlandiya və İsveçin NATO-ya üzv olmasına etirazından əl çəkdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ lideri Co Baydenlə təkbətək görüşəcək”.

“Atlantic Council”in Türkiyə üzrə mütəxəssislərindən biri Riç Autzen Ankaranın terrorla bağlı narahatlığını NATO-nun gündəminə gətirməsinin onun üçün ciddi uğur olduğunu deyib. Türkiyənin əsas hədəfinin ABŞ-dan F-16 almaq olduğu iddiasına toxunan Autzen bunun Ərdoğanın əsas hədəfi olmadığını və PKK ilə bağlı təhlükəsizlik narahatlığının əsas məsələ olduğunu söyləyib.

“Atlantic Council”in rəhbəri Fred Kempe hadisələri “Ərdoğanın usta oyunu” adlandırıb:

“Ərdoğan təhlükəsizlik və daxili siyasətdəki maraqları naminə mümkün olduğu qədər istəklərinə nail olmaq üçün bu prosesdə əlini ən yüksək səviyyəyə qaldırıb”.

Təhlildə fikirləri yer alan hərbi ekspert Kris Skaluba isə Baydenin “avtoritar” adlandırdığı Ərdoğanla görüşünə diqqət çəkib. O, Ağ Evin Ərdoğana böyük güzəştə getməyə məcbur olduğunu deyib.

İngiltərənin “The Economist” jurnalı Türkiyənin vetonu ləğv etməsi və bunun müqabilində zəmanətlər alması ilə nəticələnən razılaşmanı “Ərdoğanın qələbəsi” adlandırıb.

Təhlilin bir hissəsində Prezident Ərdoğanın futbol keçmişinə toxunulub:

“Türkiyə prezidenti beynəlxalq siyasətdə istədiyini əldə etmək üçün peşəkar faullara yol verməkdən çəkinmir. Keçən ay İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə badalaq gəlmək cəhdi, üstəgəl də Rusiyanın yaratdığı təhdidlər fonunda qorxunc olduğu qədər də təsiredici idi”.

İngilis nəşrinin iddiasına görə, PKK terror təşkilatına verdiyi dəstəyə görə İsveç və Finlandiyaya sərt reaksiya verən Türkiyə dördtərəfli görüşdən istədiyini alıb.

Görüşdə İsveç və Finlandiya PKK və onun törəmələrinə qarşı mübarizədə Türkiyə ilə tam əməkdaşlığa razılaşıb. Üstəgəl, PYD/YPG və FETÖ terror təşkilatlarına dəstəyi dayandırmaq barədə Türkiyə qarşısında öhdəlik götürüblər. Razılaşma çərçivəsində hər iki ölkə müdafiə sənayesi sahəsində Türkiyəyə tətbiq etdikləri sanksiyaları da ləğv edəcəklər. / teleqraf.com