Tbilisidə təhlükəsizlik gücləndirildi: Etirazçılar hökumət binasının önünə toplaşdı



 16:49 04.07.2022     1551

Gürcüstanın paytaxtı Tbilisidə ötən axşamdan başlayan “Avropaya - Avropaya” şüarlı aksiyanın bir qrup iştirakçısı gecəni hökumət administrasiyasının binası qarşısında keçirib.

Demedia.az xəbər verir ki, əllərində Gürcüstan və Avropa İttifaqının bayraqlarını tutan aksiyaçılar səhər saatlarından etibarən səs-küylə, fitlə və zərb alətlərinin sədaları altında hökumətin siyasətinə etirazlarını ifadə edirlər.

Təşkilatçılar bildiriblər ki, hakim "Gürcü Arzusu" partiyasının siyasəti ölkənin Avropa ilə bağlı gələcəyinə təhdid yaradır.

Məlumata görə, bu gün hökumətin növbəti iclası keçirilməlidir. Administrasiya qarşısında təhlükəsizlik tədbirlərinin gücləndirildiyi vurğulanır.

Polisin xəbərdarlığına baxmayaraq, etirazçılar ərazini tərk etməyəcəklərini bildiriblər.

Qeyd edək ki, aksiyanın əsas tələbi Baş nazir və hökumətin istefası, həmçinin milli barışıq hökumətinin yaradılmasıdır.