Rusiya Qafqaz dağlarında yeni silah hazırlayır - Yerusəlim Post

 22:51 15.07.2022     514

İsrailin “Yerusəlim Post” qəzetində “Rusiya xarici peykləri sıradan çıxarmaq üçün yeni lazer silahı hazırlayır” başlıqlı məqalə dərc olunub.

Demedia.az Novator.az-a istinadən xəbər verir ki, məqalədə “The Space Review” elmi jurnalının ötən həftə dərc etdiyi araşdırmaya istinadla Rusiyanın optik-elektron müharibədə istifadə oluna biləcək yeni lazer sistemi üzərində işlədiyi bildirilir.

Layihə “Kalina” adlanır. Layihənin icrası Böyük Qafqaz dağlarında, Qaraçay-Çərkəz Respublikası ərazisindəki Çapal dağı zirvəsində yerləşən “Krona” kosmik müşahidə kompleksində həyata keçirilir.

“Google Earth” sistemindən əldə edilən ən son peyk görüntülərinin və Rusiya sənaye podratçılarının sənədlərinin təhlili göstərir ki, layihənin icrasına 2011-ci ildə başlanıb.

2014-cü ilin yanvar tarixli bank zəmanəti sənədində də qeyd olunduğu kimi, “Kalina” layihəsində məqsəd lazerlərin köməyi ilə optik-elektron peyk qurğularının funksional şəkildə məhvinə yönələn bir sistem hazırlamaqdır. Məqsədə nail olunsa, Rusiya öz hava məkanı üzərindəki xarici peykləri sıradan çıxarmaq imkanı qazanacaq.

2017-ci il tarixli sənəddə “Kalina” sistemi kosmik təhlükəsizlik kompleksi kimi təsvir olunur. Rusiya Müdafiə Nazirliyindən sifariş alan elmi-sənaye korporasiyasının məlumatına əsasən, sistem optik-elektron müharibədə istifadə ediləcək xüsusi kvant-optik qurğusundan ibarətdir.

Araşdırma müəllifləri podratçıların dərc etdiyi informasiya bülleteninə istinadla deyirlər ki, layihə bir neçə dəfə təxirə salınıb. Layihənin ləng icra edilməsinin səbəblərindən biri kimi 2021-ci ildə “Femto” elm mərkəzinin ləğvi göstərilir. Layihə üçün adaptiv sistem işləyib hazırlamaq “Femto”ya həvalə olunubmuş.

“Kalina” layihəsindəki lənglik Qərbin Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalarla da əlaqələndirilir. Bura həm 2014-cü ildə Rusiyanın Ukraynanın Krım yarımadasını ilhaq etməsindən sonra, həm də 2022-ci ilin fevralından Ukraynada başlanan və hələ davam edən müharibəyə görə tətbiq olunan sanksiyalar aiddir.

“Yerusəlim Post”un məqaləsində bildirilir ki, “Kalina” lazer şüalarını peyklərə dəqiq yönəldə bilən yeni teleskopla təchiz olunub. Teleskop xüsusi inşa edilmiş, yeddi bal gücündə zəlzələyə davamlı binada yerləşdirilib.

Teleskopu “Krona” kosmik müşahidə kompleksindəki lazer optik lokatoru ilə birləşdirən tunel də çəkilib. Ancaq araşdırma müəllifləri orada daxili avadanlıqların nə səviyyədə quraşdırıldığını bilmirlər.

“Kalina”, o cümlədən prezident Vladimir Putinin ilk dəfə 2018-ci ildə elan etdiyi “Peresvet” mobil lazer sistemi son illərdə inkişaf etdirilən yeni nəsil Rusiya lazer sistemlərinin ən sonuncusudur. Moskva sistemin orbitdəki peykləri kor vəziyyətə salmaq və pilotsuz təyyarələri məhv etmək gücündə olduğunu vurğulayır.