Tehran görüşünün sirri: Berns İrəvana niyə gəldi?
İyulun 19-da Tehranda Azərbaycanın 3 böyük qonşusunun rəhbərlərinin – Rusiya, İran və Türkiyə prezidentlərinin çox mühüm görüşü keçiriləcək. Bu görüş təkcə hər üç ölkə üçün deyil, eyni dərəcədə Azərbaycan üçün də olduqca xüsusi əhəmiyyət daşıyır.
Çünki Azərbaycan yeganə ölkədir ki, həm Rusiya, həm İran, həm də Türkiyə ilə quru sərhədə malikdir və tarixən bir-biriylə düşmənçilik etmiş bu üç ölkənin yeni münasibətlərində, əlaqələrində də əsas bağ, körpü rolunu oynayır.
Elə Azərbaycanın qələbəsiylə bitən 44 günlük Qarabağ savaşının ortaya çıxardığı və daha çox regional sülh və əməkdaşlıq platforması kimi qəbul edilən “3+3 formatı”nın gələcək taleyi də, böyük ehtimalla, Tehran sammitinin gedişindən asılı olacaq. Məhz bu sammit müəyyənləşdirəcək ki, Rusiya, İran və Türkiyə xüsusən Suriya və Cənubi Qafqaz bölgələrində haradək uzlaşma, bir-birinin maraqlarına haradək güzəştə getmə imkanındadılar.
Əvvəlki görüşlərdən fərqli olaraq, indi hər üç ölkənin bir-birinə çox böyük ehtiyacı yaranıb və bu ehtiyac vadar edir ki, tərəflər qarşıdurmaya deyil, uzlaşma yollarının tapılmasına daha çox üstünlük versinlər. Xüsusən də hər üç ölkənin Qərblə açıq konfrontasiya şəraitində olması və ağır sanksiyaları dələrək, sarsıdılmış iqtisadiyyatlarını xilas etmək və dirçəltmək qayğısı tərəflərin maksimalist tələblərdən geri çəkilərək, bir-birinin istəklərinə daha real yanaşmalarını və ortaq qərarların alınması işini də xeyli asanlaşdırır.
Şübhəsiz ki, hər üç ölkəylə sərhədi olan və hər üç ölkə üçün strateji körpü rolunu oynayan Azərbaycan Tehran sammitinin uzlaşma atmosferində keçməsində bu üç ölkənin özündən daha çox maraqlıdır. Çünki bu 3 ölkənin uzlaşa bilməsi halında ən uduşlu mövqedə məhz Azərbaycan olacaq: bir tərəfdən, Qarabağ üzərindəki qələbəsinin nəticələrini regionl və beynəlxalq miqyasda legitimləşdirmiş və daha da möhkəmləndirmiş olacaq, o biri tərəfdən də, təxminən 320 milyonluq əhali resursuna və zəngin təbii ehtiyatlara malik 3 ölkəni bir-birinə daha etibarlı şəkildə bağlayacaq əsas dəhliz və nəqliyyat qovşağı funksiyasını öz üzərinə götürməklə, gələcəkdə Çin-Avropa İttifaqı sərhədində formalaşdırılacaq yeni blokun ən əhəmiyyətli və təhlükəsiz “keçid qapısı”na çevriləcək...
Əlbəttə, bütövlükdə Yaxın Şərqin 3 əsas oyunçusunun – Rusiya, Türkiyə və İranın bir araya gələcəyi Tehran sammitinin pozulmasında və tərəflərin uzlaşma əldə etmədən ayrılmasında maraqlı tərəflər də az deyil. Bu işin başında isə ABŞ gəlir.
Xatırladaq ki, 2016-cı ilin dekabrında bu 3 ölkənin rəhbəri, ABŞ başda olmaqla bütövlükdə Qərbi qapı dalında qoyaraq, Suriya probleminin üçlükdə həlli prosesinə başladıqları bir ərəfədə, onların üçlü görüşü pozulsun deyə, Rusiyanın Türkiyədəki səfiri Karlov Ankarada qətlə yetirilmişdi. Yalnız Putinin və Ərdoğanın olduqca soyuqqanlı davranışları münasibətlərin korlanmasının qarşısını almış və məlum “Astana prosesi” baş tutmuşdu...
Eyni təhlükə nəinki yenə qalır, hətta Ukrayna üzərində aparılan Qərb-Rusiya savaşından sonra daha açıq və təhlükəli xarakter alıb: yeni geopolitik konfiqurasiyanın təməllərinin atıla biləcəyi Tehran sammiti öncəsi ABŞ prezidenti Bayden böyük vədlərlə Yaxın Şərqə səfərə çıxıb və əsas müttəfiqləriylə birbaşa təmasa keçərək, hədələyici tonda ABŞ-ın Yaxın Şərqi Çin-Rusiya-İran ittifaqına buraxmayacaqları bəyanatını verib!
Tehran sammiti öncəsi daha bir diqqətçəkən hadisə isə MKİ direktoru Uilyam Bernsin də Azərbaycanla sülh danışıqları aparan Ermənistana qəfil səfəri və erməni baş nazir Nikol Paşinyanla görüşüdür. Xatırladaq ki, Paşinyan hazırda Qərbin Cənubi Qafqazda birmənalı dəstəklədiyi əsas fiqur, Ermənistan isə ABŞ-ın xüsusi təyinatlı hərbçilərinin diplomat çətiri altında möhkəmlənib xüsusən İrana qarşı fəaliyyət göstərdiyi əsas xristian ölkələrdən biridir.
Məhz belə kritik dönəmdə MKİ direktorunun Cənubi Qafqaza gəlişi Tehran sammitindən ABŞ-ın narahatlığının ifadəsi sayılmaqla yanaşı, həm də Putin-Ərdoğan-Rəisi görüşüylə bağlı hansısa pozucu əks-əməliyyat tədbirlərinin həyata keçirilməsi və yaxud belə bir görüntünün yaradılması məqsədiylə də ola bilər...
İndi Tehran Qərb üçün nə qədər qorxulu paytaxtdırsa, Rusiya, Türkiyə və İran üçün də yüksək təhlükəsizlik tədbirləriylə qorunması son dərəcə zəruri bir ünvandır...
Eyni təhlükəni və təxribat ehtimalını qarşıdakı günlərdə Azərbaycan da məğlub etdiyi Ermənistanla sərhədindən gözləməli və buna hazırlıqlı olmalıdır. Çünki yaxınlaşan və dərinləşən Rusiya-Türkiyə-İran münasibətlərini pozmaq istəyən və zamanında bu məqsədlə Karlovu qətlə yetirən güc üçün indi ən həssas və ən tez alovlandırılacaq ünvan qeyri-müəyyən və qeyri-sabit Azərbaycan-Ermənistan sərhədidir... / Axar.az