Ərdoğanın mesajından sonra skandal bəyanat – “Buna imkan verməməliyik”



 14:58 01.08.2022     400

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında yeni əməliyyat hazırlığı davam etdiyi vaxtda Fransadan terror təşkilatlarına dəstək gəlib.

Demedia.az xəbər verir ki, Türkiyənin sərhədlərini terror ünsürlərindən təmizləməyi hədəflədiyi əməliyyata 102 fransız parlamentari qarşı çıxıb.

Birgə bəyanatla çıxış edən parlamentarilər Türkiyəni mümkün Suriya əməliyyatına etiraz ediblər.

“Ərdoğanın müharibə çılğınlığına qarşı çıxmaq lazımdır” başlıqlı bəyanatda senatorlar qeyd ediblər ki, Türkiyə hökuməti Ukrayna-Rusiya müharibəsi ilə bağlı NATO-dakı mərkəz statusundan istifadə edərək Suriyanın şimalında hücumları gücləndirmək üçün alyansın razılığını almağa çalışır.

YPG/PKK terrorçularının mədh edildiyi skandal bəyanatda bu silahlı ünsürlər “kürd döyüşçüləri” adlandırılıb. Fransız senatorlar Qərb ölkələrini Türkiyə ordusunun atdığı addımlar qarşısında səssiz qalmamağa çağırıb.

“Kürd döyüşçülərinin İŞİD-lə mübarizədə qətiyyəti bütün beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanıb. Amma bu gün onlar unudulmuş kimi görünür. Kürd müttəfiqlərimizin yenidən hücuma məruz qalmasına imkan verə bilmərik və verməməliyik”, - bəyanatda deyilib.

PKK/YPG terror təşkilatı işğalda saxladığı bölgələrdə dinc sakinlərə qarşı təzyiqlərini günbəgün artırır. Terrorçular Türkiyənin mümkün hərbi əməliyyatlarından gizlənmək üçün mülki şəxslərin evlərini ələ keçirirlər. Mülki şəxslərin evlərinə raket, zenit və minaatan qurğuları yerləşdirən terrorçular yaşayış yerlərinin altında tunellər də qazırlar. Son 3 ayda 16 min mülki vətəndaş evləri terrorçular tərəfindən ələ keçirildiyi üçün köç etmək məcburiyyətində qalıb. Evsiz mülki şəxslərin Türkiyənin qoruduğu təhlükəsiz ərazilərə getmələrinə icazə verilmir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bundan əvvəl yeni hərbi əməliyyatın milli təhlükəsizlik baxımından məcburi olduğunu açıqlayıb.

“30 kilometr dərinlikdə təhlükəsiz zona yaratmaq qərarımızın yeni mərhələsinə qədəm qoyuruq. Təl-Rıfat və Mənbiçi terrorçulardan təmizləyirik”, - Ərdoğan bildirib.