Ərdoğan və Bayden arasında görüş ola bilər



 13:43 13.08.2022     440

Sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyasının toplantısı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Bayden arasında görüş ola bilər.

Demedia.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, iki ölkə liderinin Vaşinqtonun Ankaraya "F-16" qırıcı təyyarələri satması sahəsində yaranan problemləri müzakirə edəcəyi gözlənilir.

Nəşrin məlumatına görə, Türkiyə bu prosesin uzanmasını istəmir. Ona görə də məsələni ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ilə həll edərək "F-16"ların satışına icazə verəcək sazişin tez bir zamanda ABŞ Konqresində müzakirəyə çıxarılmasına çalışır. Beləliklə, Konqres bir müddət sonra "F-16" satışını təsdiqləyə bilər.

Qəzet yazıb ki, Türkiyə müdafiə sənayəsi şirkətlərinin imkanlarının, ixraclarının artırılması yeni və milli müdafiə sənayəsinin inkişafına töhfə verəcək. Ödəmələr zamanı yarana biləcək mənfi təsirlərin qarşısını almaq məqsədilə əsas şirkət olan OFFSET ilə razılaşmalar imzalanacaq. Beləliklə, “qazan-qazan” prinsipi həyata keçiriləcək. Çünki bu razılıq əsasında qarşı tərəf də Türkiyədən bəzi istehsal məhsulları almalı olacaq.

Qeyd edək ki, iyunda keçirilmiş NATO sammiti çərçivəsində R.T.Ərdoğan və C.Bayden arasında görüş olub. Danışıqlar zamanı ABŞ lideri həmkarına "F-16" ilə bağlı sazişin Konqresdən keçməsi üçün müəyyən səylər göstərəcəyinə söz verib. Söhbət 40 yeni “F-16 Block 70” qırıcısından və Türkiyənin mövcud hərbi təyyarələrinin təkmilləşdirilməsi üçün 80-ə yaxın təyyarədən gedir.