“Bakının bu tələbi yerinə yetirilir, İrəvan artıq ilk addımı atıb” - Abramyan
“Son günlərdə Türkiyə, Azərbaycan və Ermənistan rəhbərliklərindən gələn mesajlar göstərir ki, İrəvanın Ankara və Bakı ilə münasibətləri ətrafında və Qarabağda cərəyan edən proseslər yeni mərhələyə qədəm qoyub”.
Demedia.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.
Onun sözlərinə görə, qarşıdan gələn görüş və ya danışıqların gündəliyində ən azı üç məsələnin olduğu görünür: Zəngəzur dəhlizi, Qarabağdakı erməni hərbi qüvvələrinin çıxarılması (qanunsuz – red.) və Laçın dəhlizi:
“Zəngəzur dəhlizi mövzusu uzun müddətdir ki, Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan gündəmlərindən kənarda qalıb. Bu, indi daha geniş kontekstdə müzakirə olunur.
Bakının Qarabağdakı erməni qüvvələrinin çıxarılması tələbinə gəlincə, ilk addımı Ermənistan hökuməti atıb. 2021-ci ildən Qarabağa hərbi çağırış dayandırılıb. 2022-ci ilin avqust ayının əvvəlində isə Ermənistan qeydiyyatında olan hərbçilər Qarabağdan çıxarılıb. Amma Azərbaycanın tələbi oradakı bütün hərbi qüvvələrin (qanunsuz – red.) tamamilə ləğv edilməsidir.
Laçın dəhlizinə gəlincə, Azərbaycan marşrutu dəyişir. Yeni marşrutun isə dəhliz statusunda olmayacağını bildirir”.