BMT baş katibi Liviyada gərginliyi azaltmağa çağırıb
BMT-nin baş katibi Antoniu Quterreş Liviyanın paytaxtı Tripolidə gərginliyin azaldılmasına və münaqişənin dialoq yolu ilə həllinə çağırır.
Demedia.az xəbər verir ki, bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrikin bəyanatında deyilir.
“Baş katib Tripolidə mülki əhalinin ölümünə və mülki infrastrukturun dağılmasına səbəb olan gərginliyin artmasını narahatlıqla izləyir”, - bəyanatda deyilir.
Onun sözlərinə görə, BMT Liviyadakı tərəflərə siyasi həllə nail olmaq üçün hər cür dəstəyi verməyə hazırdır.
Avqustun 26-da axşam saatlarında Tripolidə Milli Birlik Hökumətinin başçısı Əbdülhəmid Dibeybe ilə Tobrukda Nümayəndələr Palatasında baş nazir seçilən Fəthi Başağaya dəstək verən qüvvələr arasında silahlı toqquşmalar başlayıb.
Münaqişənin şiddətlənməsi ilə əlaqədar Liviya Təhsil Nazirliyi orta məktəblərdə buraxılış imtahanlarını ləğv edib. Liviyanın "Libyan Wings" aviaşirkəti isə Türkiyə və Tunisə uçuşları müvəqqəti olaraq dayandırıb.
Liviya Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir ki, Tripolidə baş verən qarşıdurmalarda həlak olanların sayı 23-ə, yaralıların sayı isə 140-a çatıb.