Kraliça öldü - Bəs Britaniyanı nə gözləyir?



 17:08 09.09.2022     852

Xəbər verdiyimiz kimi, Böyük Britaniya kraliçası II Elizabet sentyabrın 8-i 96 yaşında dünyasını dəyişib.

Demedia.az-ın məlumatına görə, kraliçanın vəfatından sonra bütün dünyanı bundan sonra Britaniyada hansı tədbirlərin həyata keçiriləcəyi və nələrin dəyişəcəyi maraqlandırır.

İlk olaraq qeyd etmək lazımdır ki, kraliçanın oğlu III Çarlz kral olaraq taxta çıxacaq və həmin gün xalqa müraciət edəcək. Yeni kral çıxışının ardından London, Kardiff, Edinburq və Belfastda olan dövlət məmurlarını ziyarət edərək iclaslar keçirəcək.

Kraliçaya gəldikdə isə onun cənazəsi ilk olaraq Bukinqem sarayına gətiriləcək və 4 gün ərzində burada saxlanılacaq. Bu müddət ərzində heç kəsin tabuta yaxınlaşmasına icazə verilməyəcək. 4 gündən sonra isə tabut Vestminster Sarayına aparılacaq. Burada isə yalnız kral nəslindən olanlar tabutu ziyarət edə biləcək. Dəfn mərasiminin isə kraliçanın ölümündən 12 gün sonra baş tutacağı məlumdur. II Elizabet Uindsorda St. George Kilsəsində atasının məzarının yanında dəfn ediləcək.

Bununla yanaşı, kraliyyətə məxsus “BBC” yayım şirkəti bir müddətlik normal yayımı dayandıracaq və yalnızca kraliçanın vəfatı ilə bağlı xəbərlərə yer veriləcək. Şirkətin ağ rəngdə olan emblemi isə matəm müddətində qara rəngə bürünəcək.

Lakin tək “BBC”nin deyil, İngiltərənin bütün yayım şirkətlərindən matəm müddətinə hörmətlə yanaşması gözlənilir. Bu müddət ərzində televiziyada əyləncə tipli heç bir proqrama yer verilməyəcək.

Kraliçanın vəfatından sonra İngiltərəni gözləyən ən vacib məsələlərdən biri də ən azı bir gün ərzində ölkə boyu bütün birja, mağaza və digər müəssisələrin bağlı olmasıdır. Birjaların bağlanması səbəbindən ölkənin milyardlarla funt sterlinq həcmində zərərlə üzləşəcəyi gözlənilir.

Eyni zamanda, Britaniyanın dövlət himninin sözləri “God Save the Queen”dən “God Save the King”ə dəyişəcək.

Həmçinin yeni sikkələr və əskinaslarda yeni kralın başı əks olunacaq. Köhnə sikkələr və əskinaslar tədricən dəyişdirilənə qədər dövriyyədə qalacaq. Bununla yanaşı, ölkədə rəsmi sənədlərin yenidən hazırlanacağı, pasportların və polis uniformalarının yenidən hazırlanacağı gözlənilir.