II Elizabetin ölümü Britaniya imperiyasının da sonunu gətirir?
Böyük Britaniya kralının dövlət başçısı olduğu Antiqua və Barbudanın baş naziri Qaston Braun II Elizabetin ölümündən sonra üç il ərzində respublika idarəetmə formasının tətbiqi ilə bağlı referendum təyin edəcəyini bildirib.
Demedia.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “PA Media” saytı məlumat yayıb.
Karib hövzəsi ölkəsi Britaniya monarxını dövlət başçısı olaraq saxlayan 14 dövlətdən biridir. Baş nazir Qaston Braun Çarlzın yeni kral statusunu təsdiq edən sənədi də imzalayıb.
Lakin bir neçə dəqiqə sonra o, respublikaçıların referendum çağırışlarına səs verəcəyini açıqlayıb.
"Bu, Antiqua və Barbuda ilə monarxiya arasında düşmənçilik anlamına gəlməməlidir. Lakin bu referendum bizim həqiqətən suveren bir millət və tam müstəqil dövlət olduğumuzu göstərəcək”,- deyə baş nazir vurğulayıb.
O əlavə edib ki, ölkəsi referendum yolu ilə monarxiyasını itirsə belə, Birliyin sadiq üzvü olaraq qalacaq.
Qeyd edək ki, eyni addım Yamayka dövləti tərəfindən də atıla bilər. Hələ bu ilin mart ayında Britaniya taxtının hazırkı varisləri Uilyam və Keyt Yamaykada səfərdə olarkən onların davranışları yerli mətbuatının ciddi tənqidlərinə tuş gəlmişdi.
Hətta Mərkəzi Amerikada yerləşən Beliz ölkəsinin naziri də şahzadə Uilyama monarxiyadan çıxmaq fikirlərində olduğunu söyləyib.
Səfərdən sonra Uilyam Karib dənizində Britaniya monarxiyasının günlərinin sayılı olduğunu etiraf edib.