Putindən sülh çağırışına CAVAB GƏLDİ - 90 dəqiqəlik danışığın detalları
Almaniya kansleri Olaf Şolz Rusiya lideri Putinlə 90 dəqiqəlik telefon danışığının təfərrüatlarını ictimaiyyətlə bölüşüb. Putini sülhə çağıran Şolz Rusiya liderinin cavabını açıqlayıb…
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə başlayan müharibənin gedişatı dəyişib. Ukrayna ordusunun müxtəlif nöqtələrdən hücumlarını davam etdirdiyi bir vaxtda Rusiya qüvvələri ilk dəfə olaraq müdafiə mövqeyindədir.
200 günü geridə qoyan müharibəni dayandırmaq üçün diplomatik səylər davam edir.
Bu çərçivədə Putinlə əlaqə saxlayan Almaniya kansleri Olaf Şolz 90 dəqiqəlik telefon danışığının təfərrüatlarını ictimaiyyətlə bölüşüb.
ŞOLZDAN PUTİNƏ SÜLH ÇAĞIRIŞI
Almaniya kansleri deyib ki, o, Putini qoşunlarını Ukrayna ərazisindən çıxarmağa və Kiyevlə danışıqları bərpa etməyə çağırıb.
Şolz, həmçinin iddia edib ki, Rusiya qoşunları “bölgədə sülh şansı əldə etmək üçün” Ukraynanı tərk etməlidir.
PUTİNİN CAVABI AÇIQLANDI
Almaniya kansleri bəyan edib ki, təəssüf ki, Putin işğalla bağlı mövqeyini dəyişməyib və Rusiya lideri sülh çağırışına müsbət cavab verməyib.
Olaf Şolz həmçinin bildirib ki, ölkəsinin silahları Ukraynanın şərqində “fərq yaradır” və “həlledicidir”. Bununla belə, Ukrayna Almaniyadan daha çox hərbi yardım istəyir.
Ukraynanın xarici işlər naziri Dimitro Kuleba Almaniyanı daha çox silah göndərmədiyinə görə tənqid edib və "soyqırımın qarşısını almaq üçün" Ukraynanın daha çox silaha ehtiyacı olduğunu bildirib.
“Bu silahlarla niyə təmin edilmədiyimizin məntiqli izahı yoxdur. Yalnız bəhanələr və əsassız qorxular var. Berlin niyə qorxur?“ - Kuleba deyib.
Kremldən telefon danışığı ilə bağlı verilən açıqlamada zorakılıqlara görə Ukraynanın məsuliyyət daşıdığı qeyd edilib.
Avqust ayına olan məlumata görə, Almaniya Ukraynaya 1,2 milyard dollarlıq hərbi yardım edib. İqtisadiyyatı daha kiçik olan Polşa Ukraynaya Almaniyadan daha çox hərbi yardım edib.
ZELENSKİ SÖZ VERDİ: BÜTÜN TORPAQLAR…
Çərşənbə günü “Reuters” xəbər agentliyinə danışan Almaniyanın müdafiə naziri Kristina Lambrext Ukraynaya daha çox silah göndəriləcəyini bildirib. O, Ukraynanın davam edən əks hücumunu "möhtəşəm" adlandırıb.
Bəzi müdafiə ekspertləri hesab edirlər ki, Kiyevin əks-hücumlarının bir məqsədi Qərbi daha çox silah yardımı üçün sıxışdırmaq olub.
Qeyd edək ki, Ukrayna lideri Volodimir Zelenski çərşənbə günü geri alınan İzyumdan olub.
Burada əsgərlərlə görüşən Zelenski bütün torpaqları geri alacağına söz verib.
Ukrayna lideri Xarkov əks-hücumunda 8 min kv.km ərazinin geri alındığını açıqlayıb. Lakin bu bəyanat rəsmi şəkildə təsdiqlənməyib.//Musavat.com