Şəhərlər qaranlığa qərq olur, etirazlar başlayır və… - Avropada NƏ BAŞ VERİR?



 12:27 18.09.2022     591

Rusiyanın qazı kəsməsindən sonra Avropada enerji panikası artır. Bir-birinin ardınca yeni qənaət tədbirləri elan olunduğu, hətta həbs cəzaları belə gündəmdə olduğu qitədə nəhəng fabriklər bağlanır, şirkətlər müflis olur.

Bbəzi Avropa ölkələrinin enerji böhranına qarşı gördüyü tədbirləri təqdim edirik:

ALMANİYA

Enerjiyə qənaət etmək üçün yerli vaxtla saat 22:00-dan etibarən ictimai binaların, heykəllərin, abidələrin və lövhələrin işıqları söndürülüb. Bundan əlavə, xəstəxanalardan başqa ictimai binalar 19 dərəcədən yuxarı qızdırılmayacaq. Ağır fiziki iş görülən ərazilər 19 dərəcədən daha soyuq ola bilər. İnsanların sıx olduğu yerlər, məsələn, yarmarkalar və böyük zallar, ümumiyyətlə, qızdırılmaya bilər. Bu arada Berlin polisi də qış aylarında təbii qazda mümkün kəsintilərə görə baş verə biləcək etiraz aksiyaları və talanlara hazırlaşır.

İSVEÇRƏ

Enerji böhranı ilə mübarizə çərçivəsində kəskin tədbirlər görən ölkədə qış mövsümündə problemin “fövqəladə” həddə çatacağı gözlənir. Soyuq aylarda qənaət tədbirlərini həyata keçirməyənlərə həbs cəzası verilə bilər. Həmçinin, İsveçrədəki enerji böhranı ölkədə fəaliyyət göstərən Avropa Nüvə Araşdırmaları Mərkəzində (CERN) təcrübələrin dayandırılmasına səbəb ola bilər. ABŞ mətbuatına danışan CERN-in enerji idarəsinin rəhbəri Serj Klodet ölkədə elektrik enerjisi çatışmazlığının böhrana çevriləcəyi təqdirdə mərkəzdə mövcud təcrübə fəaliyyətlərinin bir müddət dayandırılması üçün plan layihəsi hazırladıqlarını açıqlayıb.

FRANSA

Önümüzdəki qış aylarında elektrik enerjisi sisteminə ciddi təzyiq göstərildiyi üçün həftənin müəyyən vaxtlarında ölkədə elektrik enerjisində bir neçə saatlıq fasilələrin ola biləcəyi deyilir. Paytaxtdakı ictimai binalarda temperaturun mərhələli şəkildə 19 dərəcədən 18 dərəcəyə endirilməsi məsələsi gündəmdədir. Eyfel qülləsi və Luvr muzeyinin işıqları gecə 01:00 deyil, saat 23:00-dan etibarən söndürüləcək. Ölkənin rəsmi dəmiryol şirkəti SNCF-nin qatar xidmətlərini azaltmaq imkanı da müzakirə mövzusudur.

BELÇİKA

İstilik nasosları, günəş panelləri və istilik izolyasiya materialları kimi məhsullar üçün ƏDV endirimləri edilib, ictimai binaların işıqları 19.00-06.00 arasında söndürülüb. İstiliyin ən çox 19 dərəcə təyin edilməsi qərara alınıb. Enerji böhranında həddindən artıq mənfəət əldə edən şirkətlərə əlavə vergilərin tətbiqinə də hazırlıq gedir. 2025-ci ildə bağlanması planlaşdırılan 2 atom elektrik stansiyasının istismar müddəti 10 il uzadılıb, bu qış bağlanması planlaşdırılan 2 reaktorun fəaliyyətini davam etdirməsinə qərar verilib.

İTALİYA

Günəş enerjisi investisiyalarına subsidiyaların verildiyi ölkədə enerji şirkətlərinin birtərəfli qaydada müqavilələrini dəyişməsinin qarşısı alınır. Əlcəzairlə yeni təbii qaz tədarükü müqavilələri bağlanıb. Ölkədə evlərin istiliyinin 2 dərəcə aşağı salınması, ictimai enerjiyə qənaət edilməsi və küçələrin işıqlandırılmasının azaldılması kimi yeni plan hazırlanır. Hətta bəzi restoranlar işıq pulunun artması ilə əlaqədar işıqları söndürməyə və şam yandırmağa başlayıb.

YUNANISTAN

Dövlət qurumlarında enerji istehlakını 10/100 azaltmaq hədəflənir. Bu çərçivədə Afina Bələdiyyəsinin binasının işıqlandırılması məhdudlaşdırılıb. İctimai binaların istiliyinin yayda 27, qışda 19 dərəcə səviyyəsində saxlanması, binalar boş olduğu zaman istilik, soyutma və işıqlandırma sistemlərinin söndürülməsi qərara alınıb.//Musavat.com