15 türk dənizçi necə xilas edildi? - Təfərrüat
Türkiyə şirkətinə məxsus “MV Mozart” gəmisinə hücum zamanı girov götürülən 15 dənizçi sərbəst buraxılıb.
Nexeber.az Sputnik-ə istinadən xəbər verir ki, sərbəst buraxılan dənizçilərin səhhətinin yaxşı olduğu bildirilib. Onların yaxın iki-üç gün ərzində İstanbula gətiriləcəkləri gözlənilir.
Qeyd edək ki, yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları Türkiyə şirkətinə məxsus, Liberiya bayrağı altında üzən “MV Mozart” gəmisinə hücum etmişdi. Gəminin 19 heyət üzvündən 15-i girov götürülmüş, azərbaycanlı mühəndis Fərman İsmayılov isə öldürülmüşdü.
***
"Boden Shippinq" şirkətinin meneceri Nəslihan Salman dənizçilərin hansı yolla quldurların əlindən xilas edildiyi barədə məlumat verib.
"Bu məsələdə deyə biləcəyim çox detal yoxdur. Dünyanın bu hissəsində fidyə tələb etmək üçün qaçırılmalar olur. Bunlar siyasi məsələlər deyil. Fidyə üçün insanları qaçırırlar. Bu müzakirələri Borealis Maritim tərəfindən Hamburqda təşkil olunmuş peşəkar bir qrup apardı. Bizim üçün vacib olan bu danışıqlar pozitiv yekunlaşdı, dostlarımız Türkiyəyə geri dönürlər", - N.Salman deyib.