Ermənilərin Gürcüstana torpaq iddiası: Qara dəniz üçün…
Ermənilərin başqa ölkələrin ərazilərinə iddia etmələri artıq bizi təəccübləndirmir. Buna baxmayaraq, 30 il torpaqlarının 20 faizi erməni işğalında olan bir ölkə kimi belə bir hadisənin digər qonşularımızın da başına gəlməməsi üçün səylərimizi artırmalıyıq. Xüsusilə də Gürcüstan və Rusiya başa düşməlidir ki, ermənilər üçün “dost ölkə” anlayışı yoxdur. Bu ölkə və onun avantürist siyasi elitası sadəcə, əsassız iddialar istehsal edərək özlərini məzlum kimi göstərib başqa xalqların qanuni torpaqlarını işğal etməkdən başqa heç nə bilmir.
Nexeber.az xəbər verir ki, bu sözləri axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli ermənilərin Rusiyanın iki şəhəri üçün muxtariyyət tələbi və Abxaziyanı da erməniləşdirmək istəyini şərh edərkən deyib.
Politoloq qeyd edib ki, ermənilər vaxtilə SSRİ-nin süqutu zamanı etdiklərini indi Rusiyanın zəiflədiyini düşünərək təkrarlamaq istəyirlər:
“Rəsmi Moskvanın istər son zamanlar daxilində baş verən etirazlar, istərsə də xarici siyasətdə əvvəlki kimi aktiv olmaması görünür, erməniləri yeni ağa, sahib axtarışına sövq edib. Hətta yeni ehtimal ağalarının iştahını qabartmaq üçün Rusiyanın iki şəhəri üçün muxtariyyət və Abxaziyanı erməniləşdirmək kimi sərsəm bəyanatlar verirlər.
Ümumiyyətlə Ermənistanın Azərbaycanla yanaşı, hər zaman Gürcüstana ərazi iddiaları olub. Xüsusilə Cavaxetiya və Batuminin Gürcüstandan qoparılaraq Ermənistana birləşdirilməsi, bu yolla Qara dənizə çıxış əldə etmək ermənilərin Qarabağdan da əvvəlki xəyalı olub. Gəl ki, buna nə ruslar, nə də türklər izn verib. Buna görə də ermənilər daha məkrli plan quraraq 90-cı illərdə Qarabağı işğal edərkən eyni zamanda terrorçu dəstələrini Abxaziyaya könüllü olaraq göndərirdilər. Məqsəd bu ərazini öz nəzarətinə alaraq gələcəkdə Gürcüstana qarşı istifadə etmək idi. Faktiki olaraq bu gün ermənilərin Abxaziya tələbi bunu bir daha təsdiqləyir”.
Politoloq bildirib ki, hədəf heç də Abxaziya deyil. Hədəf Abxaziyada gürcülərin başını qataraq Cavaxetiya və Batumini ələ keçirmək, beləcə Qara dənizə çıxış əldə edərək Qərbin hər cür dəstəyini daha asan əldə etməkdir:
“Göründüyü kimi, ermənilər bütün qonşularını, hətta onları təmənnasız qoruyan, silah, maliyyə, hərbi yardım edən rusiyalı ağalarını da arxadan vurmağa hazırdılar. Təki məqam yetişsin, fürsət düşsün”.