Qarabağ separatçısı İtaliyanı aldadıb, yoxsa ...
Oktyabrın 8-də, Qarabağ separatçıları növbəti saxtakar addımları ilə bağlı şou təşkil ediblər.
Ermənilər Xankəndidəki əcaib “abidə”nin qarşısında boks üzrə Avropa çempionu Erik Arstamyan və onun məşqçisi Narek Abramyanı qarşılayıblar.
Özünü “Artsax Boks Federasiyasının prezidenti” kimi təqdim edən məşqçi Narek Abramyan bildirib ki, İtaliyada keçirilən çempionatda güclü rəqabət olub. “Avropanın 33 ölkəsindən idmançılar iştirak ediblər. Ümumilikdə çempionat ərzində Erik Arstamyan 4 döyüşdə qalib gələrək Avropa çempionu adını qazanıb”-erməni məşqçi deyib. “Finalda 52 kq çəki dərəcəsində mübarizə aparan 15 yaşlı idmançımız ingilis Leyton Birçolini məğlub edə bilib”, - deyə N.Abrahamyan bildirib.
Qeyd edək ki, bu yaxınlarda İtaliyanın Montesilvano şəhərində, Azərbaycan idmançılarının da iştirakı ilə boks üzrə qitə birinciliyi keçirilib.
Erməni separatçıları çox xəyallar qura, iddialar səsləndirə bilər. Amma Azərbaycanın müvafiq qurumları İtaliyada keçirilən Avropa çempionatına Qarabağ separatçısının necə “sızması”na aydınlıq gətirməsini tələb etməlidir. Eyni zamanda Beynəlxalq Boks Assosiasiyasının da məsələyə müdaxiləyə ehtiyac var. Qarabağdakı qondarma qurumu heç bir ölkə tanımır, deməli, erməni boksku Ermənistan paytaxtı ilə İtaliyadakı yarışda iştirak edib. Ancaq əgər indi separatçılar Arstamyanı “artsax çempionu” kimi təqdim edirlərsə, məntiqlə onun oğurluq “çempionluğu” ləğv edilməli, qələbəsi əlindən alınmalıdır.//Musavat.com