Belçika millisinin baş məşqçisi: "Azərbaycanın uzaq olması problemdir"
"Azərbaycan uzaqdadır və bu, özlüyündə bir problemdir".
Demedia.az "Voetbalprimeur" nəşrinə istinadən xəbər verir ki, bunu futbol üzrə Belçika millisinin baş məşqçisi Roberto Martines 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin püşkünü dəyərləndirərkən deyib.
49 yaşlı mütəxəssis 5 komandalı qrupa düşmələrini müsbət hal kimi qiymətləndirib: "Beləliklə, gənclərin təcrübə toplamaları üçün təqvimə yoldaşlıq görüşləri əlavə edə bilərik".
Martines digər rəqiblər haqqında da danışıb: "Avstriyanın Ralf Ranqnik kimi təcrübəli baş məşqçisi var. İsveç yığması UEFA Millətlər Liqasında gözlənilən qədər yaxşı çıxış etmədi. Estoniya kollektivini isə yaxşı tanıyırıq. AVRO-2024-ün final mərhələsinə vəsiqə qazanmaq o qədər də sadə deyil. Dünya çempionatında olmayan Avropa çempionu İtaliyaya nəzər yetirməyiniz kifayətdir".
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Belçika, Avstriya, İsveç və Estoniya ilə birlikdə F qrupunda mübarizə aparacaq.