Azərbaycan bayrağı Nyu-Yorkun məşhur küçəsində

 09:31 19.10.2022     360

18 oktyabr - Azərbaycanın Müstəqilliyin Bərpası Günü münasibətilə ölkəmizin bayrağı ABŞ-ın Nyu-York şəhərinin simvolu və maliyyə mərkəzi hesab olunan, turistlərin ən çox ziyarət etdiyi küçələrdən birində - “Wall Street”də yerləşən “Bowling Green” parkında nəhəng bayraq dirəyindən asılıb.

 Azərbaycan-Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə bununla bağlı keçirilən mərasimdə Nyu-Yorkda yaşayan həmvətənlərimiz iştirak ediblər.

Üçrəngli bayrağımızı ölkəmizin dövlət himninin sədaları altında Azərbaycan-Nyu-York Assosiasiyasının sədri Ərcan Yerdələnli Nyu-York səmasına qaldırılıb. Azərbaycanın və ABŞ bayraqları səmada birlikdə dalğalanıb.

Azərbaycan bayrağı turistlərin diqqətini çəkib, onlar həmvətənlərimizə yaxınlaşaraq ölkəmiz haqqında məlumatlar alıblar. Turistlər bağrağımızın fonunda şəkil çəkdiriblər.

Qeyd edək ki, Nyu-York şəhərinin ilk rəsmi parkı olan və nəhəng bayraq meydanı kimi tanınan “Bowling Green” bu gündən etibarən 10 gün müddətində Azərbaycan bayrağına ev sahibliyi edəcək.//Report.az