Cənubi Koreyada izdiham zamanı 270 nəfər itkin düşüb
Cənubi Koreya paytaxtının hakimiyyət orqanları Seul şəhərinin mərkəzindəki İtxevonda baş verən izdihamla əlaqədar itkin düşmüş şəxslərlə bağlı 270-ə yaxın məlumat alıb.
Demedia.az xəbər verir ki, bu barədə bazar günü “Yonhap” agentliyi məlumat yayıb.
Qeyd edilir ki, səlahiyyətlilər məlumatları polisə ötürür. Bu sayda məlumat yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 2:00) qeydə alınıb.
YTN telekanalının məlumatına görə, izdiham adı açıqlanmayan məşhur pop müğənnisinin İtxevondakı barda görünməsi ilə bağlı yayılan şayiədən sonra yarana bilər. Bundan sonra bir çox insan pop ulduzun dincəldiyi iddia edilən ərazinin yerləşdiyi dar döngəyə axışıb.
İtxevon Seulun gecə həyatının mərkəzlərindən biri kimi tanınır. Son üç ildə ilk dəfə pandemiya məhdudiyyətləri olmadan qeyd olunan Hellouin bayramını qeyd etmək üçün on minlərlə gənc şənbə günü əraziyə səfər edib.
Ötən gün baş verən izdihamda ölənlərin əksəriyyətinin yaşının 30-dan az olduğu bildirilir.