İran cəzalanmalıdır - Ukrayna Prezident Ofisi



 10:41 06.11.2022     476

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak dron istehsal edən İran zavodlarına zərbə endirməyi təklif edib.

Demedia.az xəbər verir ki, bu barədə Prezident Ofisinin rəsmisi Vahid Ukrayna telemarafonunun efirində bildirib.

M.Podolyakın fikrincə sanksiya və embarqo Tehranı cəzalandırmaq üçün yetərli olmayacaq. O hesab edir ki, İranın Ukraynada genişmiqyaslı müharibə başlamazdan əvvəl Rusiyaya pilotsuz uçan aparatları tədarükünü etiraf etməsi mənasız görünür:

“Dronların Rusiyaya ötürülməsinin bu cür etirafı bir qədər qəribə görünür. Yəni müharibədən əvvəl mindən çox pilotsuz uçan aparatı təhvil vermişdilər, yalnız rusiyalılar döyüş meydanında müharibəni praktiki olaraq uduzduqdan sonra istifadə etməyə başladılar. Yəni kritik infrastrukturumuzu dağıtmaq əvəzinə 8 ay anbarlarda qalmışdılar?”.

O həmçinin İranın dronları tədarük etdiyinə görə cəzalandırılmasını istəyib.

“Mənə elə gəlir ki, təkcə sanksiyalar və ya embarqo tətbiq etmək lazım deyil. Zənnimcə, dronların və ballistik raketlərin istehsalına və s.-ə görə konkret zərbələr endirmək olardı. Belə bir dövlət cəzasız bunu davam etdirə bilməz”, - M.Podolyak bildirib.