“Putinə Baliyə gəlməsinin yaxşı olacağını demişdim” - Türkiyə lideri
“Rusiyalı həmkarım Vladimir Putinlə son müzakirəmdə onun Baliyə gələcəyinin, G20 sammitində iştirakının daha yaxşı olacağını demişdim. O isə demişdi ki, mən düşünüb, sizə xəbər verəcəm”.
Demedia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, imkan olsa qarşıdakı günlərdə Putinlə gələcək perspektivlər barədə fikir mübadiləsi aparacaq:
“Görünür, Putin öz komandası ilə bu barədə məsləhətləşib və qərarını verib. Onun qərarını qiymətləndirmək Putinə qarşı hörmətsizlik olar. Bu, özlərinin bildiyi işdir”.
Ərdoğan Rusiyanın güclü dövlət olduğunu xatırladıb.
Türkiyə liderinin sözlərinə görə, başda ABŞ olmaqla Qərb dünyası Rusiyaya hücum edir:
“Rusiya indi mübarizə aparır. İndi bizim üçün ən vacib məsələ “Taxıl sazişi”nin davam etməsidir”.
Putinin mövqeyinin kifayət etmədiyini, Zelenskinin də fikirlərini öyrənəcəyini deyən Ərdoğan vasitəçiliyin sülhlə nəticələnəcəyinin yollarını axtaracaqlarını söyləyib.