Bu ölkə vaksin istehsalında Çini üstələyəcək



 17:06 22.02.2021     254

Dünya miqyasında koronavirusla mübarizə davam edir və bu mübarizə getdikcə beynəlmiləl xarakter almağa başlayıb. Çünki ümumilikdə bəşəriyyyət virusdan xilas olmalıdır. Keçən ilin əvvəlində koronavirus yayılmağa başladıqda peyvənd mövzusu hələ yeni müzakirə edilirdi. O da deyilirdi ki, peyvəndin icadı ən azı bir il çəkəcək. Elə də oldu.

Nexeber.az xəbər verir ki, bu sözləri axar.az-a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Rusiya, Çin, ABŞ, Almaniya və Hindistan peyvənd çalışmalarına və testlərə 1 ilə yaxın vaxt sərf etdilər:

“Hazırda peyvəndlənmənin sürəti artıb. Buna baxmayaraq, BMT-nin hesablamalarına görə, bir qrup kasıb ölkə hələ də peyvəndlənmədən kənarda qalıb. Bu, ona görə baş verir ki, peyvəndlənmə birinci növbədə peyvəndi icad edən ölkədə tətbiq olunur, daha sonra pulu ödənilən ölkələrə çatdırılır.

Peyvəndlərin istehsal gücü artdıqca vaksinlər kasıb ölkələrə də çatdırılacaq. Hindistanın Baş naziri Narendra Modi hələ keçən il Cənub Asiya Ölkələri Assosiasiyasına üzv ölkələrin (Hindistan, Pakistan, Əfqanıstan, Butan, Maldiv, Nepal, Şir-Lanka) liderləri ilə keçirdiyi videokonfransda pandemiya ilə mübarizədə tərəfdaşları əməkdaşlığa çağırmışdı. Dünya əhalisinin 20 faizinin Cənubi Asiya ölkələri Assosiasiyasına üzv ölkələrində yaşadığını nəzərə alaraq, bu çağırışı əhəmiyyətli saymaq olar.

Maraqlıdır ki, Hindistanla arasındakı gərgin münasibətlərə baxmayaraq, videokonfransda Pakistan təmsilçisi də iştirak edirdi. Birgə mübarizə çağırışı edilən zaman koronavirus bu bölgədə hələ ölüm saçmırdı, ötən ilin bu vaxtı 150 nəfərin xəstəliyə yoluxduğu və iki nəfərin öldüyü bildirilirdi. Ancaq aylar keçdikcə vəziyyət dəyişdi və Cənubi Asiyada yoluxanlarla ölənlərin sayı sürətlə artmağa başladı. Cənubi Asiya bölgəsinin bir sıra ölkəsinin resursları da yoxdur ki, virusla effektiv mübarizə apara bilsin”.

Politoloqun sözlərinə görə Hindistan qonşu ölkələrə yardım edəcəyini bildirib:

“Dehli koronavirusla birgə mübarizə fonduna 10 milyard dollar ayıracağını vurğuladı. Bu fondun imkanlarından Cənubi Asiya ölkələri istifadə edə bilərdilər. Üzv ölkələr arasında növbəti videkonfrans bir neçə gün əvvəl keçirilib. Hindistanın artıq bir neçə peyvəndi var və bunları müxtəlif ölkələrə və təşkilatlara göndərir. Misal üçün Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar BMT sülhməramlıları üçün 200 min vaksin göndərdiyini açıqlayıb. Bundan başqa Hindistanın vaksini 25 ölkəyə göndərilib və 49 ölkəyə göndəriləcək.

Əslində Rusiyanın icad etdiyi “Sрutnik V” peyvəndinin tərkibində Hindistanın dərman zavodlarında istehsal edilən kimyəvi elementlər var. Bəllidir ki, dünya dərman istehsalının və dərmanlar üçün lazımi maddələrin böyük hissəsi Hindistanın payına düşür. Buna görə də Rusiya bu il “Sрutnik V” peyvəndinin böyük hissəsinin Hindistanda istehsalına qərar verib. Həqiqətən əgər peyvənd üçün əsas kimyəvi maddələr Hindistandan alınırsa, ən yaxşısı elə peyvəndin də həmin ölkədə kütləvi istehsalını təmin etməkdir.

Beləliklə, yaxın aylarda Rusiya yüz milyonlarla peyvəndi məhz Hindistanda istehsal edəcək.

Hindistan Rusiya ilə münasibətləri gərgin olan Ukraynanı da unutmayıb. Ukraynanın səhiyyə naziri Maksim Stepanovun sözlərinə görə, Hindistan Ukraynaya artıq milyon yarım vaksin preparatı göndərib.

Vaksin istehsalında Hindistanın bir çox ölkəni üstələyəcəyini beynəlxalq təşkilatlar da təsdiqləyir. Müxtəlf hesablamalara görə, Hindistan yalnız bu il 3.5 milyard peyvənd istehsal edəcək. Bu o deməkdir ki, Hindistan istehsalı olan vaksinlərdən üçüncü ölkələr də yararlana biləcək”.