ABŞ-da “TikTok”u qadağan edən qanun Konqresə təqdim edildi

 09:07 14.12.2022     223

Amerikalı qanunvericilər Konqresin hər iki palatasına ölkədə “TikTok” sosial şəbəkəsindən istifadəni qadağan edən, habelə Rusiya, Çin və bir sıra digər ölkələrin nəzarətində olan media şirkətlərinə qarşı sanksiyaların tətbiqi imkanlarını nəzərdə tutan qanun layihəsi təqdim ediblər.

Demedia.az xəbər verir ki, sənəd ABŞ senatoru Marko Rubionun saytında dərc olunub.

Bu təşəbbüs Rubio, həmçinin ABŞ Nümayəndələr Palatasının üzvləri Mayk Qallaqer və Raca Krişnamurti tərəfindən hazırlanıb.

Onların fikrincə, qanun layihəsi amerikalıları sosial şəbəkələr sahəsində mövcud və ya gələcəkdə mümkün şirkətlərdən istifadə ilə bağlı bir sıra düşmən dövlətlərin təhlükəsindən qorumalıdır.

Qeyd olunub ki, digər ölkələr sosial media vasitəsilə amerikalıları nəzarətdə saxlamaq və ya izləmək, onlar haqqında həssas məlumat toplamaq, təsir kampaniyaları aparmaq, təbliğat yaymaq, senzura tətbiq etmək üçün istifadə edə bilərlər.

Qanunvericilər ABŞ-da “TikTok” sosial şəbəkəsindən istifadənin qadağan olunmasını təkid edirlər. Onların fikrincə Çin Kommunist Partiyası “TikTok”dan öz maraqları üçün istifadə edə bilər.

M. Rubionun sözlərinə görə, “TikTok” hər gün on milyonlarla amerikalı uşaq və böyüklər haqqında məlumat toplayır. Qadağanın “TikTok”un sahibi olan “ByteDance” ilə bağlı tətbiq edilməsi təklif edilir.