Gürcüstana gedəcək vətəndaşlarımızın diqqətinə!



 20:04 24.02.2021     543

Azərbaycan, Ermənistan, Ukrayna, Rusiya və Belarus vətəndaşları martın 1-dən etibarən neqativ koronavirus test nəticəsini təqdim edərək hava yolu ilə Gürcüstana səfər edə biləcəklər.

Nexeber.az Azmedia.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat naziri Natiya Turanava açıqlama verib.

Həmçinin Baş nazir İrakli Qaribaşvilinin bu gün keçirilən brifinqdə açıqlamasına görə, martın 1-dən etibarən Batumidə, martın 8-dən etibarən isə digər bütün şəhərlərdə restoranların qapalı məkanlarda xidmət göstərməsinə icazə veriləcək. Qaribaşvili şəhərlərarası nəqliyyatın fevralın 25-dən etibarən bərpa olunacağını da qeyd edib.

Bununla yanaşı ölkədə 28 noyabr 2020-ci il tarixindən tətbiq olunan komendant rejiminin qüvvədə qalacağı bildirilib. Qaydaya görə axşam saat 9-dan səhər saat 5-ə qədər çölə çıxmaq qadağandır.

Qeyd edək ki, Gürcüstanda beynəlxalq aviareyslərin fevralın 1-dən etibarən bərpa olunmasına baxmayaraq Azərbaycan daxil olmaqla bir sıra ölkələrin vətəndaşları yalnız tam vaksinasiyadan keçdiklərinə dair arayış təqdim edərək ölkəyə daxil ola bilərdilər.