Baxmut bölgəsində vaqnerçilər geri oturduldu



 23:45 25.12.2022     314

Rusiya qoşunlarının Baxmut bölgəsində irəliləməsi, görünür, yavaşlayıb, baxmayaraq ki, hücumun kulminasiya nöqtəsinə çatdığını söyləmək hələ tezdir.

Demedia.az xəbər verir ki, bu qənaətə ABŞ mərkəzli Müharibə Araşdırmaları Mərkəzi (MAİ) gəlib.

Analitiklər hərbi müxbir İqor Strelkova istinadən bildiriblər ki, Ukrayna qüvvələri “Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) muzdlularını bir neçə gün öncə tutduqları mövqelərə geri atıblar. Digər hərbi bloqçular da Baxmut yaxınlığındakı hücumun səngiməsi barədə yazmışdılar.

MAİ hesab edib ki, Rusiya qoşunları üçün özlərinin hücum əməliyyatlarının tempini saxlamaq çətin olacaq və onlar taktiki və ya əməliyyat fasiləsi verə bilərlər.

Xatırladaq ki, ötən gün Ukrayna Silahlı Qüvvələrinin Şərq Qüvvələr Qrupunun sözçüsü Sergey Çerevatı Rusiyanın bir gün ərzində bu istiqamətdə 90-dan çox hərbçi itirdiyini, 100-dən çoxunun isə yaralandığını açıqlamışdı.

Qeyd edək ki, “Vaqner” ÖHŞ rusiyalı sahibkar (eyni zamanda mətbuatda “Putinin aşpazı” kimi tanınır) Yevgeni Priqojın tərəfindən yaradılan və idarə olunan qeyri-dövlət yaraqlı qruplaşmasıdır.

2014-cü ildən qruplaşma Ukraynanın işğal altındakı bölgələrində, daha sonra isə Suriyada Bəşşar Əsədə sadiq qüvvələrin nəzarət etdiyi ərazilərdə fəaliyyət göstərir. 2017-ci ilin iyun ayında “Vaqner” ÖHŞ ABŞ-ın sanksiya siyahısına daxil edilib. 2021-ci ilin dekabrında Avropa İttifaqı qruplaşmanı Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə xələl gətirməkdə, Suriya və Liviyada vəziyyəti sabitləşdirməkdə, habelə insan haqlarını kobud şəkildə pozmaqda ittiham edərək ÖHŞ-yə sanksiyalar tətbiq edib. 2022-ci ilin martın 8-də, yəni Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra Yaponiya da qruplaşmaya qarşı sanksiyalar tətbiq edib. BMT və Fransa “Vaqner” muzdlularını Mərkəzi Afrika Respublikasında zorlama və quldurluqda ittiham edir.

Qrup ağır texnika, artilleriya və hərbi aviasiya ilə silahlanıb.